Diqqət: Bu material FED.AZ-n sifarişi ilə hazırlanıb və onun digər resurslarda yayılması qadağandır.
Elnur Hüseynov: “İlk biznesimdə birinci il dövriyyəmiz 150 min avro oldu”
Eləcə də bax: Dünyanın məşhur bankında yüksək vəzifə tutan azərbaycanlı - MÜSAHİBƏ
Magistr təhsili üçün Almaniyaya gedir. Təhsil aldığı dövrdə bizneslə maraqlanmağa başlayır. Universiteti başa vurandan qısa müddət sonra ilk biznes qurma cəhdini edir və uğurlu alınır. Daha sonra iki və üçüncü şirkətini qurur. Söhbət Almaniyada fəaliyyət göstərən azərbaycanlı iş adamı, Azərbaycan Respublikasının Sahibkarlar (İşəgötürənlər) Təşkilatları Milli Konfederasiyasının (ASK) Almaniya Federativ Respublikası üzrə nümayəndəsi Elnur Hüseynovdan gedir. Fed.az E.Hüseynovla keçdiyi yolla bağlı söhbətləşib.
Eləcə də bax: Almaniyada 7 zavodun meneceri olan azərbaycanlı – MÜSAHİBƏ
- Elnur bəy, 10-15 il öncə gənclər bakalavr təhsili üçün xaricə getməyə indiki qədər risk etmirdilər, “magistraturanı xaricdə oxuyaram” deyirdilər. Siz də həmin dövrdə magistr təhsili üçün Almaniyaya getmisiniz.
- 2008-ci ildə xaricdə təhsillə bağlı dövlət proqramı yeni çıxmışdı. Həmin illərdə tələbələr indiki kimi aktiv səviyyədə xaricə getmirdilər. Xaricdə təhsillə bağlı məlumatlılıq az idi. Bu səbəbdən düşünürdülər ki, bakalavrı yox, magistraturanı xaricdə oxuyum. Mənim də fikrim elə yaranmışdı. Əslində, bu, yanlış fikirdir. Xaricdə təhsil üçün ən yaxşı metod bakalavrdan başlamaqdır. Çünki hansı sahədə təhsil almaq istəyirsənsə, onun sütunu, özülü bakalavr təhsili ilə başlayır. Bakalavrı Azərbaycanda, magistraturanı xaricdə oxuyanda müəyyən çətinliklər qaçılmazdır.
Kiçik şirkətlərdən «yox», «Amazon»dan «hə» cavabı alan azərbaycanlı – MÜSAHİBƏ
- Hansı çətinliklər olur?
- Azərbaycanın təhsil sistemində tamam fərqli yanaşmalar var. Hansı ki, bizim regionun sisteminə, iqtisadiyyatına uyğun inkişaf edir. Onların bəziləri Avropadan fərqlidir. Azərbaycanda dövlət idarəetməsi sahəsində təhsil almışdım. Həmin sahədə təhsilin 80 faizi Azərbaycan qanunvericiliyi ilə bağlı idi. Mən Almaniyada təhsilə başlayanda, buranın menecment prosesini, qanunvericiliyini bilmirdim. Burada tələbələrin bakalavr dövründə aldığı biliklər, təhsil bazası məndə yox idi. Təkmilləşmək üçün əlavə kitablar, dərslər oxumuğa məcbur idim. İlk iki semester çətinliyim oldu, amma həmin semestrləri uğurla başa vurduğuma görə, universitet mənə dövlət təqaüdü ayırdı. Magistraturanı əla qiymətlə bitirdim.
- Almaniyada biznesə başlamağınızdan danışaq. Nə vaxta təsadüf etdi?
- Azərbaycanda təhsil aldığım müddətdə müxtəlif qeyri-hökumət təşkilatlarında iştirak edirdim. Orda komanda rəhbəri kimi müxtəlif ölkələrə gedirdik və bu sahədə müəyyən biliklər əldə etmişdim. Məndə magistr təhsili dövlət və biznes sahəsi üzrə idi. Bizə fərqli yanaşma ilə tədris aparılırdı. Məsələn, deyirdilər ki, hər hansı parkın tikilməsini sizə veriblər. Siz buna həm dövlət məmuru kimi, həm də biznes baxımından yanaşın. Artıq magistr dövründə bizneslə maraqlanmağa başlamışdım. Magistraturanı bitirən kimi üç sahə üzrə davam etdim. Həm alman şirkətinə praktikaya qəbul oldum, həm Azərbaycanda bir holdinqin Almaniyadakı nümayəndəsi kimi çalışırdım, həm də yavaş-yavaş fərdi biznesə başladım. Magistraturanı qurtarandan sonra gündəlik həm işlərə, həm də biznesimə 12-14 saat vaxt ayırırdım. Bu, bir az mənə ağır oldu.
- Ağır gələn tərəfləri nələr idi?
- Təhsili bitirəndən sonra praktikaya başladığım şirkət alternativ enerji sahəsində fəaliyyət göstərirdi. Həmin illərdə alternativ enerji nəinki Azərbaycan, həm də dünya üçün yeni idi. Mən gələcəkdə həmin şirkətdə, həmin sahədə menecer pozisiyasında özümü görürdüm. Bunun üçün o sahədə özümü təkmilləşdirməli idim. 8 saat ofisdə işləyirdim, sonra özümü təkmilləşdirmək üçün əlavə kitablar oxuyurdum. Paralel olaraq Azərbaycan şirkətinin təmsilçisi olduğum üçün axşam vaxtları, həftə sonları o şirkətin işləri ilə məşğul olurdum. İşdən sonra şəxsi biznesi yaratmaq üçün addım atmağa çalışırdım. Həm vaxt baxımından çətin idi, həm bilik baxımından yenilik idi, ona görə ilk vaxtlar mənə çox ağır gəlirdi. Danışdıqlarım 2011-2012-ci illəri əhatə edirdi.
- İlk biznes cəhdinizdən danışaq. Hansı idi?
- Mən ilk şirkəti 2013-cü ilin ortasında açdım. Şirkətin fəaliyyət sahəsi idxal, ixrac idi.
- Elə biznesdir ki, başlamaq üçün maliyyə lazım olur.
- Almaniyada şirkəti qeydiyyata salmaq üçün tələb olunan məbləğ 100 аvrodur, amma məhsulun alınması üçün zavodlar ödənişin gecikməsinə möhlət vermir. Bu o deməkdir ki, bir konteyner məhsul sifariş verirdiksə, əldə onun üçün 60 min avro lazım gəlirdi. Onun üzərinə yol xərci, gömrük haqqı və s. gələndə bir konteyner üçün 90 min avro lazım gəlir. Dövriyyəyə buraxılan konteynerdəki məhsulların satılıb pul gətirməsi bir ay çəkir. Bir ay ərzində ikinci konteyner də olmalı idi. Bu isə o deməkdir ki, bir ayda əldə hardasa 250 min avro olmalı idi.
- Almaniyada işə yeni başladığınız ərəfə idi. O qədər pulunuz var idi?
- Həm Almaniyada çalışırdım, həm də Azərbaycandakı şirkətin nümayəndəsi idim. Onlardan qazandığım pullardan həmin məbləğin hardasa 10 faizini yığmışdım. Ona görə cəmləşdirib şirkəti açıb investorlara müraciət etməyə başladım. Bunun üçün biznes və maliyyə planını yazıb Azərbaycana investorlara təqdim etmişdim. Çünki Azərbaycanda kontaktlar var idi. Biznes plana baxan investorlardan biri mənimlə bu sahədə işə başlamağa razılıq vermişdi.
- İnvestorları razı salmaq asan deyil…
- Təbii ki başlanğıcda çətinliklər oldu. Maliyyə vəsaiti özümdə az olduğundan mən işlərin təşkilini o səviyyədə yüksək tutmalı idim ki, maliyyə yatıracaq investor görsün ki, həqiqətən də bu iş alına bilər. Ona görə müxtəlif ölkələrin səfirliklərinə baş vurdum, iqtisadi attaşeləri ilə danışdım. Onların ölkələrindən olan istehsal, məhsullarla bağlı araşdırırdım, ümumi bazarı analiz edirdim. Bazarın analizi çox vaxt aparırdı.
Almaniyadakı topdansatışla məşğul olan böyük şirkətlər var, onlarla danışıqlarım oldu. 3-5 adda məhsulu seçib biznes planda qeyd etdim, həmin malların ən çox istehsal olunduğu ölkələrin zavodları ilə danışdım. Biznes planımda zavodlar, ölkələr, satış yolu, daşınma və s. hamısı detallı qeyd olmuşdu. İki-üç ay danışıqlardan sonra investordan razılıq alıb işə başlamışdım.
- Maraqlıdır, investorun birini razı saldınız. Ona qədər razılaşmayan investorlar oldumu?
- Əslində üç şəxslə danışmışdım. Onlardan biri işə başlamaq istədi, amma çərçivəmiz onun üçün balaca idi. İkinci investor da uğurlu alınmadı. Çünki mənim qurduğum şirkətdə malın satışından əldə qalan gəlir 4-5 faiz idi. O da 10+ faiz gəlir qalmadığına görə maraq göstərmədi. Üçüncü investorun özü də artıq həm Azərbaycan, həm Türkiyə, həm də Rusiyada bu işlə məşğul idi. Bütün sahəni başa düşürdü. Mənə bəzi suallar verdi, ilk görüşün sonunda investisiya yatırmaq istədiyini dedi.
- Belə başa düşdüm ki, ilk vaxtlardan böyük investorlara çıxış əldə etməyi bacarmısınız.
- Böyük investorlara çıxışım həm şəxsi kontaktlarla, həm də Azərbaycanın Almaniyadakı səfirliyinin vasitəsilə oldu. Sağ olsunlar, burdakı şirkətlərin inkişafına iqtisadi tərəfdən dəstək veriblər.
- İnvestordan razılıq alıb işə başladınız. Dövriyyə ilə ifadə etsək, ilk biznesinizdə işlər necə getdi?
- Bizim birinci il dövriyyəmiz 150 min avro oldu, sonrakı illər dövriyyəmiz artdı. 2013-də şirkəti açdım, 2017-ci ildə satdım.
- Niyə satdınız?
- Artıq yaxşı müqavilələr əldə etmişdik, müştərilərimiz var idi və həmin müştəriləri bizdən almaq istəyən adamlar çox idi. Hansılar ki, 20-30 il idi ki, bu biznesdə idi. Şirkətə yaxşı məbləğ təklif etdilər. Həm də paralel olaraq 2014-2015-ci ildə başqa iki şirkət açmışdım.
Qeyd etdiyim kimi, 2011-ci ildən paralel olaraq mən alternativ enerji sahəsi üzrə çalışırdım və öz şirkətimi açandan bir az sonra - 2014-cü ildə alman şirkətində biznesin inkişafı sahəsinin müdiri oldum. Alman şirkətində öhdəliklərim artıq çox böyük idi. Həm keçmiş postsovet ölkələri, həm ərəb ölkələri, bunların koordinasiyası məndə idi. Bu da çox vaxt aparan məsələ idi. Ona görə də özəl sahədə açılan biznesin dövriyyələrini 50-100 milyon avroya qaldırmaq şansım yox idi. Bu səbəbdən satmaq qərarı verdim.
- Nə vaxta qədər alman şirkətində işləməyə davam etdiniz?
- 2019-cu ilin yanvar ayında artıq gördüm ki, alternativ enerji sahəsi üzrə həm holdinqin özü, həm də mənim inkişafım çox irəli getmir. Çünki nail ola biləcəyim maksimal vəzifədə 5 il idi ki, oturmuşdum. Ölkələrin, layihələrin kurasiyasında illər idi iştirak edirdim. Qeyd edim ki, çalışdığım holdinq Azərbaycanda həm tikinti, həm təmir layihələrində birbaşa işləyib və bu layihələri mən idarə etmişəm. Azərbaycanda Yaşma layihəsi, “Vestas”ın qurduğu turbinlərin bir hissəsini biz tikmişik, bir hissəsini təmir etmişik. Şirkət 4-5 ölkədə fəaliyyət göstərirdi. Amma görürdüm ki, o ölkələrdə də alternativ enerji artmaq əvəzinə düşür. Ona görə də tam olaraq heç bir şirkətlə çalışmadan sərbəst biznesdə davam etmək qərarı verdim.
- Öz biznesinizdə də iş çox olub. Çalışdığınız şirkətdə də işlər, böyük layihələr olub. Bu qarışıqlığa, gərginliyə səbəb olmurdu?
- Mən bu rejimə tam öyrəşmişdim. Alman şirkətində elə bir format yaranmışdı ki, 4-5 ölkədə olan layihəni paralel aparmalı idim. Bunu etdikcə mən komandanın qurulması, layihələrin idarə olunması, layihələrə nəzarətlə bağlı yaxşı təcrübə qazanmışdım. Bir külək turbini layihəsində hardasa 400-ə yaxın addım var, hamısına əvvəldən axıra kimi nəzarət etmək lazımdır ki, heç bir nöqsan yaranmasın. Bu sahənin koordinasiyasını qurmaq təcrübəsi olduğu üçün öz şirkətimə də bir layihə kimi baxırdım. Bu layihəni kim idarə edəcək, köməkçi kim olacaq, hansı addımlara gərək var, nə zaman müdaxilə etmək lazımdır və s. Həm şirkətdə paralel bir neçə layihə aparırdım, həm öz şirkətimi idarə edirdim, həm biznes konsultant olaraq digər şirkətlərə xidmət verirdim. O idarəetmə sistemini özümdə o səviyyədə inkişaf etdirmişəm ki, komandamı qurub tam olaraq 3-5 komandanın nəzarətini koordinasiya edə bilirəm.
- Qısa müddətdə alman şirkətində biznesin inkişafı şöbəsinə müdir təyin olunmağınız necə oldu? Bu da maraqlıdır.
- Alman şirkətində işə başlağıdım yeni vaxtlarda - 2012-ci ildə şirkətin rəhbərinə yaxınlaşıb dedim ki, mənə filan layihəni ver işləyim. Gülərək dedi ki, iki ildir Almaniyadasan, bir şey bacarmayacaqsan. Dedim risk etməsəm, nəyi bacarıb bacarmayacağımı bilməyəcəm, bu riski öz öhdəmə götürməliyəm. Mənə güvəndi, layihəni tam olaraq verdi və uğurlu alındı. Yavaş-yavaş mənə həvalə edilən layihələrin həcmi artırdı. İki ildən sonra gördü ki, artıq 2-3 layihəni kordinasiya edə bilirəm, müxtəlif dillərdə danışıram, ölkə adamlarının mentalitetini başa düşürəm. Ona görə də məni biznesin inkişafı sahəsi üzrə rəhbəri qoydu.
- Hazırda iki şirkətiniz fəaliyyət göstərir. Onlardan danışaq.
- “Packlog Solutions GmbH” transport sahəsində fəaliyyət göstərir. Hazırda şirkətdə 40-a yaxın əməkdaş çalışır. “Edel Tower GmbH” isə startaplar sahəsində fəaliyyət göstərən şirkətdir. Şirkətimizdə iki startap var. Biri İT sahəsi ilə bağlıdır. İT sahəsində transportun və “last mile”ın süni intellektlə təşkil olunması üzrə bir startapdır. İndi onun üzərində çalışmalar gedir. Startapı bitirib sonra vençur fondlara doğru açılacağıq. İkinci startapımız isə bir azərbaycanlı ürək cərrahı ilə birlikdədir. Ürək çatışmazlığı üzrə mini invaziv əməliyyatların aparılması ilə bağlı startapdır.
- Bir müddət öncə Azərbaycan Sahibkarlar Konfederasiyasının Almaniya üzrə nümayəndəsi təyin olundunuz.
- Mən paralel olaraq son 5 ildə biznes konsultasiyası ilə məşğul idim. Bizneslərini inkişaf etdirmək istəyən müxtəlif şirkətlər, startaplar biznes konsultant olaraq mənə müraciət edirlər. Bu sahə üzrə çalışdığıma görə, Bakıya gəldiyimdə doktor işimin orda da təsdiqlənməsini istəyirdim. Bakıda olanda, dedilər ki, sən artıq bu sahə üzrə çalışırsan, bəlkə Sahibkarlar Konfederasiyasına da müraciət edəsən, bu işi rəsmi formatda aparasan. Müraciət etdim, bu ilin aprel ayında müqaviləni imzaladıq.
- Azərbaycanda biznes qurmaq, yaxud investisiya yatırmaq cəhdiniz olub?
- Əslində özümü təkmilləşdirmək üçün son illər Almaniyaya fokuslanmışdım. Amma özümü gələcəkdə Azərbaycanda görürəm. Azərbaycanda çalışmağa çox böyük istəyim, marağım, həvəsim də var. Doğru zaman, uyğun iş, iş mühiti olduğunda gələ bilərəm. Sahibkarlar Konfederasiyasında çalışıram. Sabah hər hansı başqa yerdən təklif gəlsə, dəyərləndirə bilərəm. Azərbaycanda işləsəm, paralel olaraq şəxsi biznesimi də həmin vaxt açmaq daha məntiqə uyğun olar. Biznes qurmaqla investisiya etmək eyni deyil. Hər hansı şəxs investisiya edib başqa ölkədə yaşaya bilər. Amma biznes elədir ki, o, aktivdir. Ən azı həftənin iki günü o sahənin aktivliyi və inkişafı ilə maraqlanmaq lazımdır. Əgər Azərbaycanda işə başlasam, ilk olaraq düşündüyüm biznes sahəsi olacaq.
Aygün Asimqızı