Azərbaycanın işğaldan azad edilən ərazilərində aparılan əsas işlərdən biri də burada beynəlxalq, ən müasir tələblərə verilən hava limanlarının tiknitisidir.
Eləcə də bax: Zəngilanda yeni inşa edilən hava limanına üçhərfli beynəlxalq kod təyin edilib - ZZE
FED.az xatırladır ki, ötən ilin sonunda işə düşən Füzuli hava limanı ilə yanaşı, Zəngilan və Laçın rayonlarında da hava limanları inşa edilir.
Bu obyektlər 2022-2023-cü illərdə işə düşəcək.
Yeni beynəlxalq hava limanları, ən müasir texnologiyalar və naviqasiya sistemləri ilə təchiz olunacaq, orada radiolokasiya və hava hərəkətinin idarə edilməsinin avtomatlaşdırılması sistemləri quraşdırılacaq.
Beləliklə…
Füzuli Beynəlxalq Hava Limanı
Qarabağın əsas qapısı olan və Azərbaycanın incisi - Şuşa ilə avtomobil yolu ilə birləşdirilən Füzuli hava limanı artıq istismara verilib. 2021-ci il oktyabrın 26-da Füzuli Beynəlxalq Hava Limanının açılış mərasimi olub. Mərasimdə Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyədən təyyarə ilə birbaşa Füzuliyə uçan Prezident Rəcəb Tayyib Ərdoğan iştirak ediblər.
2020-ci ilin noyabr ayında hava limanı ICAO beynəlxalq məkan indeksləri kataloquna əlavə edildi. Füzuli hava limanı beynəlxalq status və IATA kodu (FZL) aldı.
Füzuli Beynəlxalq Hava Limanının tikintisinə 2021-ci ilin fevral ayında başlanılıb, işlər sürətlə aparılıb və nəticədə Füzuli aeroportu dünyada ən sürətlə tikilən hava limanlarından biri kimi tarixə düşüb.
2021-ci ilin sentyabr ayında hava limanına ilk sınaq uçuşu həyata keçirilib, "Azərbaycan Hava Yolları"nın ən böyük təyyarəsi Airbus A340-500 Füzuliyə eniş edib.
Hava limanında görülən bütün işlər beynəlxalq norma və standartlara uyğun həyata keçirilib:
- istənilən tip hava gəmisini qəbul etməyə imkan verən, uzunluğu 3000 metr, eni 60 metr ölçüdə uçuş-enmə zolağı istismara verilib. Bunun sayəsində Füzuli Beynəlxalq Hava Limanı istənilən növ təyyarə qəbul edə bilir.
- baqaj konveyerlərinin, qeydiyyat sisteminin, VİP zalların, mağazaların, restoranların və s. işə salınması nəzərə alınmaqla, saatda 200 sərnişin buraxılış qabiliyyəti olan sərnişin terminalı tikilib.
- avtomatlaşdırılmış sistemlərlə təchiz olunmuş Hava hərəkətini idarəetmə (HHİ) qülləsinin tikintisi başa çatdırılmışdır. Bunun sayəsində Füzuli hava limanına ICAO və IATA standartlarına müvafiq qaydada uçuşların başlanması mümkündür.
- Füzuli Beynəlxalq Hava Limanında uçuşların aeronaviqasiya təminatı üçün müasir radiotexniki avadanlıqlarının, uçuşların təmin edilməsi üçün instrumental enmə sistemləri tətbiq edilib.
- aeronaviqasiya sisteminin və azad edilmiş ərazilər üzərində uçuşların tam nəzarətini təmin etmək üçün yeni beynəlxalq hava marşrutları tətbiq edilib.
- 60 min kvadrat metr sahəsi olan perron tikilib.
- bütün ərazi minalardan təmizlənib, hava limanının ərazisi boyunca hasar quraşdırılıb.
- aerovağzal kompleksini elektrik enerjisi ilə təmin etmək üçün əsas transformator yarımstansiyası (10 kVt) tikilib və elektrik xətləri çəkilib.
- sərnişin terminalı qarşısında 150 avtomobil üçün nəzərdə tutulmuş dayanacaq tikilib.
- fasiləsiz su təminatı məqsədilə artezian quyusu qazılıb, həmçinin su rezervuarları tikilib. Bundan əlavə, qazanxana və köməkçi binalar tikilib.
- Füzuli Beynəlxalq Hava Limanına giriş üçün yol tikilib, həmçinin hava limanı ərazisində yaşıllaşdırma işləri aparılıb.
Zəngilan Beynəlxalq Hava Limanı
İşğaldan azad edilmiş ərazilərdə ikinci hava limanı Zəngilandə inşa ediləcək. 2021-ci il aprelin 26-da Prezident İlham Əliyev tərəfindən hava limanını təməli qoyulub və onun tikintisinə başlanılıb, tikinti işlərinin 2022-ci ilin sentyabr ayında başa çatdırılması planlaşdırılır.
Artıq üçhərfli beynəlxalq kod - ZZE - təyin edilib. AZAL-ın yaydığı məlumatda bildirilir ki, müvafiq Qətnamə Beynəlxalq Hava Nəqliyyatı Assosiasiyasının sərnişin daşımalarına dair konfransında (IATA Passenger Services Conference) qəbul edilib.
Zəngilan hava limanında bütün tip sərnişin və yük təyyarələri eniş edə bilər.
Hava limanının uçuş-eniş zolağının uzunluğu 3 000 metr, uzunluğu isə 60 metrdir.
Hava limanı terminalının buraxılış qabiliyyəti saatda 200 sərnişin üçün nəzərdə tutulub.
Həm yük, həm də sərnişin təyyaralərini qəbul edə biləcək hava limanı Zəngilanı beynəlxalq nəqliyyat-logistika mərkəzinə çevirmək üçün imkan yaradacaq.
Zəngilan Beynəlxalq Hava Limanı texniki göstəriciləri:
• Uçuş-enmə zolağının uzunluğu – 3 000 m
• Uçuş-enmə zolağının eni (çiyinlərlə birlikdə) – 60 m
• Perronun sahəsi – 60 000 m2
• Aerovağzal kompleksinin sahəsi – 5 000 m2
• Yönəldici yolların sahəsi – 11 340 m2
Fiziki iş həcmi:
- Torpaq işləri (qazma, bitki qatı və tökmə torpaq) – 2 050 000 m3
- Döşənək lay – 85 600 m3
- Qırmadaş lay – 54 400 m3
- Asfaltbeton qarışığı – 190 000 ton
- Aerovağzal kompleksinin elektrik enerjisi ilə təmin etmək üçün elektrik xətlərinin uzunluğu - 8 km;
- Artezian quyusunun qazılması.
Tikinti işlərinə 2021-ci ilin may ayında başlanılıb, 2022-ci ildə tamamlanması planlaşdırılır.
Laçın Beynəlxalq Hava Limanı
Laçın Beynəlxalq Hava Limanı işğaldan azad edilmiş ərazilərdə inşa edilən 3-cü hava limanıdır və Laçın rayonu ərazisində tikilir.
2021-ci il avqustun 17-da Prezident İlham Əliyev tərəfindən hava limanının təməli qoyulub və onun tikintisinə başlanılıb, işlərin 2023-ci ildə tamamlanması planlaşdırılır.
Hava limanı Laçın rayonunun bu layihə üçün yeganə əlverişli yerində - Ovçu kəndi ərazisində inşa edilir. Hava limanından Laçın şəhərinə 30 km, Kəlbəcər şəhərinə 60 km, Şuşa şəhərinə 70 km məsafədə var. Nəticədə gələcəkdə Şuşaya təyyarə ilə həm Füzuli, həm də Laçın hava limanlarından getmək mümkün olacaq.
Həm yük, həm də sərnişin təyyaralərini qəbul edə biləcək hava limanı sayəsində Laçın-Kəlbəcər bölgəsi beynəlxalq nəqliyyat-logistika imkanları əldə edəcək.
Laçın Beynəlxalq Hava Limanının texniki göstəriciləri:
- Uçuş-enmə zolağının uzunluğu – 3 000 m
- Uçuş-enmə zolağının eni (çiyinlərlə birlikdə) – 60 m
- Perronun sahəsi – 60 000 m2
- Aerovağzal kompleksinin sahəsi – 5 000 m2
- Yönəldici yolların sahəsi – 8 000 m2
Aerodrom sahələrinin (UEZ, perron, yönəldici yol, vağzalyanı meydança, daxili yollar) fiziki iş həcmi:
- Qazma işləri (partlama üsulu ilə) – 19 200 000 m3
- Tökmə torpaq işləri – 1 200 000 m3
- Döşənək lay – 85 000 m3
- Qırmadaş layı – 50 000 m3
- Asfaltbeton qarışığı – 200 000 ton
- Aerovağzal kompleksinin elektrik enerjisi ilə təmin etmək üçün elektrik xətlərinin çəkilməsi;
- Artezian quyusunun qazılması.