Xəbər veridiyi kimi, İpoteka və Kredit Zəmanət Fondu satmaq öhdəliyi ilə evlərin kirayəyə verilmsi - daha sadə desək, evlərin kirayə üsulu ilə satışı - qaydalarında dəyişiklik edib.
Eləcə də bax : Güzəştli mənzillər satışa çıxarıldı - AYLIQ 138 MANATDAN....
FED.az-ın məlumatına görə, dəyişikliklər birmənalı olaraq şərtlərin yüngülləşdirilməsinə yönəlib, yəni yenilik nəticəsində kirayə ilə evlərin satışı daşa asan olacaq.
Söhbət ev almaq istəyənlərin kredit tarixçəsi, onların gəlirləri və yaşla bağlı tələblərdən gedir.
Qaydalardakı dəyişiklik və onların kirayə ilə ev satışına təsiri ilə bağlı FED.az-ın suallarını İpoteka və Kredit Zəmanət Fondunun İctimaiyyətlə əlaqələr qrupunun rəhbəri, mətbuat katibi Yeganə Ramazanova cavablandırıb.
- Kirayə mexanizmi çərçivəsində qaydalara tətbiq olunan sadələşdirməyə əsasən, kredit tarixçəsi ilə bağlı yeni tələb konkret necə olacaq?
- Əvvəlki qaydaya görə, ərizəçinin kredit tarixçəsinin “müsbət” qiymətləndirilməsi üçün onun kredit tarixçəsinin müddəti ən azı 12 ay olmalı, son 24 ay ərzində 60 gündən çox gecikdirilmiş öhdəlikləri olmamalı və bütün kredit tarixçəsi müddəti ərzində 90 gündən çox gecikdirilmiş öhdəlikləri olmamalı idi. Başqa sözlə, bütün kredit tarixçəsi müddəti ərzində 90 gündən çox gecikdirilmiş öhdəlikləri olan ərizəçinin kredit tarixçəsi “qənaətbəxş” qiymətləndirilirdi və nəticədə onun orta aylıq gəliri hesablanan zaman hər bir ailə üzvünə görə ölkə üzrə yaşayış minimumunun 50 faizi xərc olaraq tutulurdu. Hətta bu yanaşma, tam icra olunmasına baxmayaraq 4-5 il əvvəl 90 gündən çox gecikdirilmiş kredit öhdəliyi olmuş şəxslərə də şamil olunurdu. Nəticədə, kredit tarixçəsi “müsbət” deyil, “qənaətbəxş” qiymətləndirildiyindən yaşayış sahəsinin seçilməsi üçün ərizəçinin xalis aylıq gəlirinin aşağı düşməsinə gətirib çıxarırdı.
- Bəs bundan sonra kreditlə bağlı tələb necə olacaq?
- Yeni qaydaya görə isə artıq ərizəçinin kredit tarixçəsinin “müsbət” qiymətləndirilməsi üçün bütün kredit tarixçəsi müddətində 90 gündən çox gecikdirilmiş öhdəliklərinin olmaması tələb olunmur. Bu dəyişiklikdən sonra daha çox gəliri aylıq ödənişə və mənzil seçiminə yönəltmək mümkün olacaq.
- Kirayə üsulu ilə ev almaq istəyən sabit vergi ödəyicilərinin, məsələn, bərbər, dərzi və başqalarının aylıq gəliri necə müəyyən ediləcək? Bildiyimiz ki mi bu qaydaya da dəyişiklik edilib.
- Bəli, məlum olduğu kimi, sabit vergi ödəyiciləri qanunvericiliyə uyğun olaraq vergi və digər ödənişləri həyata keçirsələr də, gəlirlərini təsdiq edə bilmirlər. Gəlirlərini təsdiq edə bilmədikləri üçün uzun müddətə ödəmə imkanı ilə mənzil sahibi olmaq və ya yaşayış şəraitlərini yaxşılaşdırmaq üçün heç bir alətdən – ipoteka kreditlərindən və ya oxşar məhsullardan istifadə edə bilmirlər.
Kirayə mexanizmi çərçivəsində sabit vergi ödəyicilərinə münasibətdə tətbiq olunan yeni yanaşmanın mahiyyəti ondan ibarətdir ki, həmin şəxslərin gəlirlərini təqdim etməsinə ehtiyac yaranmayacaq və onlara sabit gəlir müəyyən ediləcək. Sabit vergi ödəyicilərinin orta aylıq gəliri onların fəaliyyət göstərdikləri müddətə uyğun olaraq minimum aylıq əmək haqqının müvafiq mislinə uyğun aşağıdakı qaydada hesablanacaq:
6 aydan – 1 ilə kimi fəaliyyət göstərən və vergiləri vaxtında ödəyən sabit vergi ödəyicisinin orta aylıq gəliri - minimum aylıq əmək haqqının 2 mislinə, məbləğlə 500 manata;
1 ildən – 3 ilə kimi fəaliyyət göstərən və vergiləri vaxtında ödəyən sabit vergi ödəyicisinin orta aylıq gəliri - minimum aylıq əmək haqqının 4 mislinə, məbləğlə 1000 manata;
3 ildən yuxarı fəaliyyət göstərən və vergiləri vaxtında ödəyən sabit vergi ödəyicisinin orta aylıq gəliri isə - minimum aylıq əmək haqqının 6 mislinə, məbləğlə 1500 manata bərabər olacaq.
Nəticə etibarilə, mexanizm çərçivəsində ilk dəfə olaraq sabit vergi ödəyicilərinə gəlirlərini təsdiq edən sənədləri təqdim etmədən mənzil sahibi olma imkanı yaradılır.
- Vergi ödəyiciləri, məsələn VÖEN-lə işləyən sahibkarlar kirayə üsulu ilə ev almaq üçün necə müraciət edəcək? Onların müraciətləri üzrə sənədlər elektron qaydada, yoxsa kağız formasında tələb olunur?
- Satmaq öhdəliyi ilə kirayə mexanizminə müraciətlər Fondun “Elektron ipoteka və kredit zəmanət” sistemi vasitəsilə həyata keçirilir. Mexanizminin əsas üstünlüyü odur ki, vətəndaşlardan şəxsiyyət vəsiqəsi və məhkumluğun olmaması barədə arayışdan başqa digər heç bir sənəd tələb olunmur. Bu yanaşma yalnız rəsmi gəlirlərə malik vətəndaşlara münasibətdə deyil, həm də vergi ödəyicilərinə münasibətdə eynilə nəzərdə tutulub. Vətəndaşların gəlirlərinin qiymətləndirilməsi zamanı müvafiq məlumatlar, eləcə də gəlirlərlə bağlı məlumatlar aiddiyyatı dövlət qurumlarının məlumat bazasından elektron sistem vasitəsilə əldə edilir. Eləcə də VÖEN-lə fəaliyyət göstərən vergi ödəyicilərinin fəaliyyət göstərdiyi müddət və buna uyğun gəlirləri elektron formada Avtomatlaşdırılmış Vergi İnformasiya Sistemi (AVİS) bazasından Arayış formasında əldə edilir.
Əlavə olaraq qeyd edək ki, sabit vergi ödəyiciləri ilə bağlı elektron sistem vasitəsilə onların gəlirlərinə dair məlumat deyil, fəaliyyət göstərdikləri dövr və vergiləri vaxtında ödəyib-ödəməməsi ilə bağlı məlumat əldə olunacaq.
- Bəs yaş məhdudiyyəti ilə bağlı dəyişiklik nədən ibarətdir? Yaş məhdudiyyəti ümumiyyətlə tətbiq olunmayacaq? Əgər birgə borcalanlar 2-3 nəfərdirsə, hansının yaşı əsas götürüləcək?
- Əvvəlcə onu qeyd edək ki, “birgə boraclan” anlayışı ipoteka kreditləşməsi mexanizmində istifadə olunur. Kirayə mexanizmində “gəlirləri nəzərə alınan ailə üzvü” anlayışı mövcuddur. Mexanizmin qaydalarına əsasən, gəlirlərin qiymətləndirilməsi mərhələsində ərizəçinin gəlirləri kifayət etmədiyi təqdirdə, ödəmə qabiliyyətinin müəyyən olunması üçün ərizəçi ilə birgə rəsmi gəlirlərə malik ailə üzvü də müraciət edə bilər.
Əvvəlki qaydaya görə, yaşı yuxarı olan ailə üzvü ilə birgə müraciət etdikdə, kirayə müqaviləsinin müddəti ailə üzvünün yaşına uyğun olaraq az təyin olurdu. Müddət az olduğu üçün aylıq ödənişin məbləği artırdı və bu da ərizəçinin ödəmə qabiliyyətinə və yaşayış sahəsinin seçiminə təsir edirdi. Yeni dəyişikliyə əsasən, artıq yaşı yuxarı olan ailə üzvü ilə birgə müraciət edən ərizəçiyə kirayə müqaviləsi üçün maksimal müddət onun öz yaşına uyğun olaraq təyin ediləcək. Ümumiyyətlə, gəlirləri nəzərə alınan ailə üzvlərinin sayından asılı olmayaraq kirayə müqaviləsi ərizəçi ilə bağlanacaq.