Azərbaycanda yaşayış sahəsi almaq üçün bank tərəfindən verilən kredit şərtləri ilə bağlı yeni tələblər dəyişib.
Eləcə də bax: İKZF verdiyi kreditlərin məbləğini - AÇIQLAYIB
FED.az xəbər verir ki, bu barədə Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımovun təsdiqlədiyi «Kredit riskləri, o cümlədən iri kredit riskləri ilə bağlı prudensial normativ və tələblərə dair Qayda»da (22 iyul 2022-ci il) bildirilir.
Yeni qaydalara görə, mülkiyyətində ev və ya mənzil olduğu halda ipoteka krediti götürənlər üçün ilkin ödəniş daha yüksək olacaq.
Qaydalarda bildirilir ki, mülkiyyətində yaşayış sahəsi (evi və ya mənzili) olmayan şəxslər bankdan yaşayış sahəsi, yəni ev və ya mənzil almaq üçün kredit götürürsə, kreditin təminata nisbəti (KTN) əmsalı 85%-ə qədər ola bilər. Yəni sadə desək, evi olmayan şəxslər ev almaq üçün kredit alarkən ilkin ödəniş 15%-dən başlaya bilər.
Mülkiyyətində ev və ya mənzil olan şəxslər üçün isə (KTN) əmsalı 70%-ə qədər ola bilər, bu o deməkdir ki, bu şəxslər bankdan ev almaq üçün kredit götürərkən ilkni ödəniş 30%-dən az olmamalıdır.
İlkin ödənişin məbəğini banklar da tənzimləyir və bu rəqəmi artıra da bilərlər.
Qeyd edək ki, sözügedən dəyişiklik və tələblər İpoteka Fondunun Xətti ilə alınan kreditlərə aid deyil. Söhbət bankların öz vəsaitləri hesabına ayırdığı daxili ipoteka kreditlərindən gedir.
Xatırladaq ki, hazırda bəzi banklar daxili ipoteka kreditləri proqramını təklif edirlər və bu proqramlarda istehlakçılara ipoteka kreditləri 20%-dən başlayan ilkin ödənişlə təqdim edilir.
Yeni qaydaya əsasən isə, yalnız adında ev olmayan şəxslər 30%-dən az ilkin ödəniş edə bilərlər.
Qeyd edək ki, son vaxtlar böyük izafi likvidlikdən əziyət çəkən bank sistemi vəsaitləri daşınmaz əmlak bazarına yönəltməyə çalışır və daxili ipoteka kreditlərinin şərtlərini yumşaltmağa başlayıb.
Bəzi hallarda bankların təklif etdiyi daxili ipoteka kreditlərinin şərtləri İpoteka Fondunun şərtləri ilə müqayisə olunacaq həddə çatır.
Nəticədə daşınmaz əmlak sektoruna böyük vəsaitlər yatırılmağa başlayıb.
Sözügedən qayda və burada daşınmaz əmlak krediti ilə bağlı nəzərdə tutulan tələb isə bu risklərin tədricən də olsa, tənzimlənməyə başlandığını göstərir.