Son günlər bəzi kütləvi informasiya vasitələrində Göyçay rayonu Mirzəhüseynli kəndində yaşayan fermer Əhmədov Habil Yaqub oğlunun Əmlak Məsələləri Dövlət Komitəsinə olan müraciəti ilə bağlı məlumatlar dərc edilib. Müraciətdə kənd sakinlərinə məxsus ümumi örüş sahələrinin aidiyyəti olmayan şəxslərə satılması ilə bağlı iddialar irəli sürülüb.
Eləcə də bax: Bakının 7 ərazisində mənzillərə - “KUPÇA” VERİLƏCƏK
Məsələ ilə əlaqədar Əmlak Məsələləri Dövlət Komitəsindən FED.az-a bildirilib ki, Əhmədov Habil Yaqub oğlunun müraciətində qeyd edlən örüş sahəsinə dair icarə müqaviləsi 2009-cu ildə deyil, 2006-cı ildə 50 il müddətinə bağlanılıb. Bu isə, mövcud torpaq qanunvericiliyinə ziddir. Belə ki, Azərbaycan Respublikasının Torpaq Məcəlləsinin 16.4-cü maddəsinə əsasən, bələdiyyə ehtiyat fondunun örüş və biçənək sahələri hüquqi və fiziki şəxslərin icarəsinə 10 ildən 15 ilədək verilə bilər. Bundan başqa, torpaq sahəsinə dair müqavilə bağlanılsa da, aidiyyəti orqandan torpaqdan müvəqqəti istifadə hüququna dair şəhadətnamə alınmadığı üçün həmin torpaq sahəsi dövlət qeydiyyatına alınmamışdır.
Eləcə də bax: "Bakıda tikintiyə icazə pulsuzdur" – KOMİTƏDƏN VACİB AÇIQLAMA
Əmlak Məsələləri Dövlət Komitəsi məsələ ilə bağlı Habil Əhmədovun Komitəyə müraciətini bundan əvvəl də araşdıraraq ona qanunvericiliyin tələbləri ətraflı izah edilmiş və bələdiyyə tərəfindən ümumi istifadədən artıq qalan ehtiyat fonduna saxlanılmış örüş sahələri hərrac və ya müsabiqəyə çıxarılan zaman orada iştirak etmək hüququnun olduğu bildirilmişdir.
“Bir daha bildiririk ki, məsələnin həlli məqsədilə Habil Əhmədov Göyçay rayonunun Ərəbcəbirli Bələdiyyəsinə və ya Azərbaycan Respublikasının Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş Mərkəzinə müraciət edə bilər”-deyə açıqlamada bildirilib.