Azərbaycan mürəkkəb relyefdə və tektonik zonada yerləşir. Buna görə də tez-tez aşağı bal gücündə zəlzələlər baş verir. Belə təkanlar xüsusilə Xəzər dənizində və bəzi bölgələrdə qeydə alınır. Bəs ölkədəki çoxmənzilli binalar zəlzələyə nə qədər davamlıdır?
Nazir: "2000-ci ildə Azərbaycanda baş verən zəlzələdən sonra binaların dayanıqlılığı yoxlanılır"
FED.az xəbər verir ki, əmlak eksperti Nüsrət İbrahimov son 15 ildə tikilən binaların 9 bala hesablandığını deyir. Lakin zaman keçdikcə tikililər davamlılığı zəifləyir.
Ekspertin sözlərinə görə, sovet dövründə inşa edilmiş binalar öz dayanıqlığını itirib. Xüusilə, mişar daşı ilə tikilən binaların bir çoxunda seysmik kəmər yoxdur.
Fövqəladə Hallar Nazirliyi Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Elxan Əsədov isə deyir ki, yeni tikililərə nəzarət bir neçə mərhələdə aparılır.
Onun sözlərinə görə, Azərbaycanın 80 faizi 8, qalan hissəsi 9 ballıq seysmik zonada yerləşir.
Ona görə də tikinti zamanı ilkin olaraq geoloji tədqiqatlar aparılır, ərazidə quruntların yükgötürmə qabiliyyəti öyrənilir.
Elxan Əsədov deyir ki, hazırda ən çox müşahidə edilən pozuntular tikinti zamanı layihədən kənara çıxma hallarıdır. Buna görə qanunvericilikdə 500 manatdan 25 min manata qədər cərimə nəzərdə tutulub. (Xezerxeber.az)