“Xiaomi” şirkəti ötənilki “Redmi 6A” smartfonunun “Redmi 7A” adlı yeni versiyasını təqdim edib.
FED.az Elektron Xəbər Xidməti “Ferra” resursuna istinadən yazır ki, “Redmi 6A” bir müddət şirkətin ən ucuz smartfonu hesab olunub, daha sonra nisbətən ucuz “Redmi Go” modeli buraxılıb. Yeni model əsasən daha məhsuldar prosessor və yüksək akkumulyator tutumu ilə fərqlənir.
“Xiaomi Redmi 7A” smartfonu tərəflərinin nisbəti 18:9 təşkil edən və “HD ” (1440 × 720 piksel) təsvir ölçülü 5,45 düym diaqonallı ekran, 13 meqapikselli əsas və 5 meqapikselli ön kamera ilə təchiz edilib. Barmaq izi skaneri nəzərdə tutulmayıb.
Qurğunun aparat əsasını səkkiznüvəli “Qualcomm Snapdragon 439” prosessoru, 2 və ya 3 giqabaytlıq operativ yaddaş və “microSD” formatlı yaddaş kartları ilə 256 giqabayt tutumadək genişləndirmə imkanına malik 16 və ya 32 giqabaytlıq quraşdırılmış yaddaş təşkil edir. “MIUI 10” interfeysli “Android 9.0 Pie” əməliyyat sisteminin idarəetməsi ilə işləyən smartfonun akkumulyator tutumu 4 min milliamper/saata bərabərdir.
Bundan başqa, iki SİM kart və “4G VoLTE”, “Wi-Fi” (802.11 b/g/n), “Bluetooth 5.0”, “GPS” modemləri, FM radio dəstəklənir, eləcə də qulaqcıq üçün 3,5 millimetrlik çıxış quraşdırılıb. Həmçinin smartfon “P2i” şirkətinin suyadavamlı mühafizəsi ilə təchiz olunub.
“Redmi 7A” smartfonunun qiyməti qabaqcıl “Redmi K20” və “Redmi K20 Pro” smartfonlarının mayın 28-də keçiriləcək təqdimatında məlum olacaq. Qurğunun qiymətinin 86 dollar təşkil edəcəyi gözlənilir.
“Xiaomi Redmi 7A” smartfonu təqdim edilib
20:09
27 May 2019