Ukrayna mediasının məlumatına əsasən, NEQSOL Holding-in tərkibində olan və Ukraynada fəaliyyət göstərən Vodafone Ukrayna telekommunikasiya şirkəti 2022-ci ilin nəticələrini açıqlayıb.
Vodafone Ukrayna avrobondlar üzrə 12,4 milyon dollar növbəti - ÖDƏNİŞ EDİB
FED.az xəbər verir ki, şirkət əvvəlki ilə nisbətən 2022-ci ildə əməliyyat üzrə mənfəətini 10% artıraraq 6.5 milyard qrivnaya (200 milyon ABŞ dolları) çatdırıb. Şirkətin əməliyyat mənfəəti üzrə marjası (EBİT) isə ölkədə müharibə şəraitinə baxmayaraq, 2021-ci ilə nisbətən 29%-dən 33%-ə qədər yüksəlib. Şirkətin NEQSOL Holding tərəfindən satın alındığı 2019-cu il ilə müqayisədə 2022-ci ildə ümumi gəlirləri 24%, əməliyyat üzrə mənfəəti isə 80%-ə yaxın artıb.
Təhlillərə və ekspert rəylərinə əsasən, qeyd edilən artım göstəriciləri nəinki müharibə şəraitində olan ölkə, hətta bütün dünya üzrə uğurlu nəticələr hesab edilir. Qlobal tendensiyalar nəzərə alınsa, bu nəticələr telekommunikasiya sahəsi üçün də yüksək sayılır. Bu, həmçinin şirkətin effektiv idarə edilməsini göstərir.
Vodafone Ukrayna, həmçinin kapital qoyuluşlarını artıraraq əsaslı layihələrə 3,6 milyard qrivna (110 milyon ABŞ dolları) sərmayə yatırıb. Şirkət ötən il ərzində 4000 sayda 4G baza stansiyasını istifadəyə verib. İnfrastrukturun yenilənməsi və yeni baza stansiyalarının quraşdırılması sahəsində fəaliyyətinin nəticəsi olaraq, müştərilər tərəfindən mobil internetdən istifadə 1,5 dəfə artıb.
2022-ci il ərzində, şirkət müştərilərinə və cəmiyyətə dəstək məqsədilə müxtəlif sosial və xeyriyyə layihələrində də iştirakını davam etdirib.
Beləliklə, Vodafone Ukrayna 2022-ci ildə uğurlu nəticələr əldə edib və maliyyə stabilliyini qoruya bilib.