Türkiyədə avqustun 2-dən instaqram sosial şəbəkəsinə (“Meta” kompaniyasına məxsusdur) girişin bloklanmasının səbəbi açıqlanıb.
FED.az xəbər verir ki, sosial şəbəkənin bloklanması qərarını Türkiyə İnformasiya Texnologiyaları və Kommunikasiyalar İdarəsi verib. Bu addımın əsas səbəbi kimi Türkiyə Cinayət Məcəlləsinin 135-ci maddəsində göstərilən bir sıra cinayətlərlə bağlı risklərə məhəl qoyulmaması göstərilib.
İdarə həmin risklərin sırasında soyqırımı və insanlıq əleyhinə cinayətləri, Atatürkün xatirəsinin təhqir olunmasını, qəsdən adamöldürməni, azyaşlılara qarşı seksual zorakılığı, oğurluq və qarət hallarını, işgəncələri qeyd edib.
Türkiyə İnformasiya Texnologiyaları və Kommunikasiyalar İdarəsi bundan əvvəl bəyan etmişdi ki, sosial şəbəkəyə girişin bərpası instaqram rəhbərliyinin öz mövqeyini yenidən nəzərdən keçirməsindən asılıdır (AzərTac).