Rusiyanın Ukraynaya hücumu, bu ölkəni işğal etməsi və bununla əlaqədar Qərbin Rusiyaya tətbiq etdiyi sanksiyalar İnternetə də təsir etməyə başlayıb.
FED.az xəbər verir ki, qlobal internet şirkəti LİNX Rusiyanın ən böyük telekommunikasiya operatorlarını, o cümlədən Rostelekom-u İnternet Exchange sistemindən ayırıb.
İnternet xidmətləri üzrə ekspert, Azərbaycan İnternet Forumunun rəhbəri Osman Gündüz bildirib ki, bu yenilik Rusiyanın internetə çıxışını zəiflədəcək. Bundan başqa, Rusiyaya qarşı bu sahədə tətbiq edilən sanksiyalar və yaranan vəziyyət Azərbaycan üçün də real təhlükələr və risklər yaradır. Ekspert yazır:
"Rusiya interneti ilə bağlı təhlükələr getdikcə artır.
Bu gün də daha bir qlobal internet şirkəti LİNX Rusiyanın ən böyük telekommunikasiya operatorlarını, o cümlədən Rostelekom-u İnternet Exchange sistemindən ayırıb. Yəni, bununla da Rusiyanın internet trafiki xeyli zəifləmiş olacaq.
Gözlənilən təhlükələri araşdırdım, təhlükələr və risklər daha ciddidir və hədsiz çoxdur. Rusiya internetinin tam bağlanması ilə bizdə də ağlagəlməz məsələlər oratya çıxır.
Rusiya interneti tam çöksə Azərbaycanda hansı problemlər yaşana bilər? Bəzilərini qeyd edirəm:
1. Azərbaycanda xeyli sayda dövlət və özəl sektor qurumları Rusiyanın 1C proqram təminatından istifadə edir. Son dövrlərdə bu servis əsasən Cloud vasitəsilə göstərilirdi. Eyni zamanda lisenziyalar da Rusiyanın onalyn mühiti ilə bağlıdır.
Düşünmək olar ki, RuNet-də çöküş olsa bizim dövlət və özəl sektorda əsas maliyyə təsərrüfatını idarə edən 1C işləməyəcək
2. Azərbaycanda hələ də xeyli sayda insanlar Mail.ru servisindən istifadə edir. Aktiv olaraq bu emaildən, həmçinin Rusiyanın digər e-mail serverlərindən istifadə edərək müxtəlif servislərə qoşulanlar da var ki, Mail.ru-nun dayanması ilə bizim xeyli sayda istifadəçilərimiz həm emaildən, həm də bu emailə bağlı olan servislərdən məhrum ola biləcəklər
3. Yandex üzərində də ölkəmizdən xeyli servislər alanlar var. Xeyli sayda vətəndaşıalrımızın emailləri Yandex hostinqinə bağlıdır və bunun üzərindən müxləlif onlayn servislər alınır. RuNet-in çöküşü ilə bunların hamısı risk altına düşəcək
4. Müşahidə etmək olar ki, bəzi internet mağazalar fiziki olaraq Rusiyadakı resurslara bağlıdır. Bu mağazalardan edilən alış-verişdə ödənişlər Azərbaycan banklarında aparılsa da , müraciətlər Rusiya İP-lərindən yönləndirilir. Belə olan halda isə, Rusiya internetində yaranan problem bizim bu tip internet mağazalara da təsizrsiz ötüşməyəcək.