Çinin iri texnologiya şirkəti olan “Huawei”nin ötən ilki satış dövriyyəsi 19 faiz artaraq 721,2 milyard yuana (təxminən 105,2 milyard ABŞ dolları) çatıb. Şirkətin xalis gəliri isə əvvəlki illə müqayisədə 25,1 faiz yüksələrək 8,82 milyard dollar olub.
FED.az xəbər verir ki, bu barədə “Huawei”nin ötən ilki fəaliyyətinə dair hesabatda qeyd olunur. Şirkətin dövriyyəsinin əsas hissəsini (45,1 faiz) smartfon satışları da daxil olmaqla istehlak biznesi təşkil edib. Bildirilir ki, ötən il tədqiqat və inkişaf işlərinə əvvəlki ildəkindən 14,1 faiz çox (15,1 milyard dolar) sərmayə yönəldilib. Bununla da son 10 ildə tədqiqat və inkişaf layihələrinə yönəldilən vəsaitin ümumi məbləği 71,4 milyard dollara çatıb.
Şirkətin sədri Quo Pin deyib ki, beşinci nəsil mobil rabitə (5G) erasında bir çox şirkətin tərəfdaş olaraq “Huawei”ni seçməsi müəssisənin biznesinin inkişafına müsbət təsir göstərəcək.
Qeyd edək ki, 1987-ci ildə yaradılan “Huawei” informasiya-kommunikasiya texnologiyaları və mobil cihazlar üzrə ixtisaslaşıb. Şirkətin fəaliyyəti 170-dən çox ölkə və regionu əhatə edir. Əməkdaşlarının ümumi sayı 180 mini ötüb.
Eləcə də bax: Bu da “Xiaomi”nin ilk qatlana bilən smartfonu - VIDEO