“Elektron kredit və zəmanət” informasiya sisteminin Əsasnaməsi təsdiq edilib.
FED.az xəbər verir ki, Nazirlər Kabineti bu barədə müvafiq qərar verib.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi “Elektron kredit və zəmanət” informasiya sisteminin (bundan sonra – informasiya sistemi) “Hökumət buludu”nda yerləşdirilməsi üçün texnoloji mühiti təmin etməlidir.
Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidməti informasiya sistemini mühafizə olunan telekommunikasiya kanalları ilə təmin etməli və həmin informasiya sisteminin təhlükəsizlik meyarları üzrə monitorinqini həyata keçirməli, informasiya sisteminin təhlükəsizliyinin təmin edilməsi məqsədilə İqtisadiyyat Nazirliyi ilə birlikdə zəruri tədbirlər görməli, İqtisadiyyat Nazirliyi Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 12 sentyabr tarixli 263 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət informasiya ehtiyatları və sistemlərinin formalaşdırılması, aparılması, inteqrasiyası və arxivləşdirilməsi Qaydaları”nın tələbləri nəzərə alınmaqla, informasiya sisteminin Elektron Hökumət İnformasiya Sisteminə inteqrasiyası üçün Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə birlikdə zəruri tədbirlər görməlidir.