“Azercell Telekom”-un jurnalistlər üçün təşkil etdiyi ingilis dili kurslarının növbəti raundu sona çatdı.
FED.az xəbər verir ki, şirkətdən verilən məlumata görə, “Language Solutions” tədris mərkəzinin peşəkar müəllimləri tərəfindən ötən ilin əvvəlində ənənəvi formatda başlayan kurslar COVID-19 pandemiyasının səbəb olduğu karantin dövründə müvəffəqiyyətlə onlayn formatda davam etdirildi.
Çap və elektron nəşrlər, eləcə də teleradio kimi kütləvi informasiya vasitələrində çalışan aktiv peşəkarlar üçün nəzərdə tutulmuş kurslar zamanı mətbuat nümayəndələrinə qrammatika, danışıq, dinləmə və yazı qabiliyyəti üzrə ingilis dili biliklərini gücləndirmək imkanı yaradılıb.
Həmçinin onlayn formatda keçirilən mükafatlandırma mərasimində kurslarda ən çox fəallıq göstərmiş üç jurnalistə şirkət tərəfindən öncədən göndərilmiş rəqəmsal hədiyyələr təqdim olunub. “Azercell Telekom”un prezidenti Vahid Mürsəliyev media nümayəndələrini təbrik edərək operativ məlumatların hazırlanmasında müxtəlif dillərdə olan resurslardan istifadənin və beynəlxalq səviyyədə KİV arasında mübadilənin vacibliyini vurğulayıb.