Azercell-in ESG strategiyasına dörd komponent daxildir.
"2024-cü ilin sonuna qədər 37 günəş enerjisi ilə çalışan stansiyaların qurulmasını planlaşdırırıq"
FED.az xəbər verir ki, bu barədə Azercell-in Hüquq, Etika və Komplayens departamentinin direktoru Şirin Əliyeva Bakıda "Dayanıqlı inkişaf: problemlər və həllər" mövzusunda keçirilən tədbirdə deyib.
"Birinci komponent Azercell-in Azərbaycanda aparıcı telekommunikasiya operatoru kimi roluna diqqət yetirir. Bu istiqamət çərçivəsində şirkət şəbəkənin genişləndirilməsini, məlumatların mühafizəsini, etik biznes təcrübələrinin tətbiqini, enerjinin idarə edilməsini və bərpa olunan enerji mənbələrinə keçidi, həmçinin, iqlim dəyişikliyi şəraitində milli prioritetləri nəzərə almağı planlaşdırır", - deyə o vurğulayıb.
Onun sözlərinə görə, ikinci komponent telekommunikasiya infrastrukturunun inkişafına, xüsusən də texnoloji innovasiyaların tətbiqinə həsr olunub ki, bu da şirkətin sahənin ön sıralarında qalmasına imkan verəcək.
"Üçüncü komponent kommunikasiya vasitələrinə, eləcə də əhalinin müxtəlif təbəqələrini dəstəkləməyə yönəlmiş sosial və ictimai proqramlarına çıxış imkanını əhatə etməklə imkanların və inklüzivliyin genişləndirilməsinə fokuslanıb. Dördüncü komponent kadr potensialı, bərabərlik və inklüzivliyin inkişafı, iş yerində təhlükəsizlik və sağlamlığın təmin edilməsi, eləcə də ixtisaslaşmış mütəxəssislərin istedadların cəlb edilməsi və inkişafı ilə əlaqəlidir", - deyə o əlavə edib. (Trend)