“Konstitusiya və Suverenlik İli” çərçivəsində Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi "İnsan Hüquqları Aylığı"na qoşularaq iyunun 11-də Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) əməkdaşları ilə birgə “Rəqəmsal mühitdə insan hüquqları” mövzusunda tədbir keçirib.
FED.az nazirliyə istinadən xəbər verir ki, tədbir internetin və yeni texnologiyaların, o cümlədən rəqəmsallaşmanın insan hüquqlarına təsirini müzakirə etmək və bu sahədə qabaqcıl təcrübələri bölüşmək məqsədi daşıyıb.
Tədbirdə nazirliyin Aparatının və tabeliyindəki qurumlarının, eləcə də Ombudsmanın əməkdaşları iştirak edib.
Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin Aparat rəhbəri Əziz Hümbətov tədbiri giriş sözü ilə açaraq qeyd edib ki, Azərbaycan Respublikasının ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunduğunu və 2025-ci ildə Konstitusiyanın qəbul edilməsinin 30-cu ildönümünü nəzərə alaraq Prezident cənab İlham Əliyevin müvafiq Sərəncamı ilə 2025-ci il ölkəmizdə “Konstitusiya və Suverenlik İli” elan edilib. Bu qərar hüquqi dövlətçilik və suverenlik dəyərlərinin möhkəmləndirilməsi baxımından xüsusi əhəmiyyətə malikdir. Suverenlik və dövlətçilik müstəqil dövlətlərin varlığını və inkişafını təmin edən əsas amillərdir.
Sonra Naxçıvan Muxtar Respublikası RİNN-in hüquqşünası Həbibə Seyidova “Rəqəmsal mühitdə insan hüquqları”, “Naxçıvan Muxtar Respublikasının İnsan Hüquqları üzrə Müvəkkilinin (Ombudsman) əməkdaşı Samir Tarverdiyev “İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) insan hüquqlarının məhkəmədənkənar müdafiə mexanizmi kimi”, “N-Telekom PHŞ-nin direktorunun müavini Rəşad İbrahimov “Rəqəmsal mühitdə məlumatların mühafizəsi və şəxsi həyatın toxunulmazlığı” və “Naxçıvanpoçt” PHŞ-nin əməkdaşı Sona Məmmədova isə “Poçt sahəsində insan hüquqları” mövzularında çıxış ediblər.
Çıxışlar zamanı, rəqəmsal mühitdə, telekommunikasiya, həmçinin poçt sahəsində insan hüquqlarının həyata keçirilməsindən bəhs edilib. Vurğulanıb ki, rəqəmsallaşma bu sahələrdə geniş imkanlar yaratsa da, eyni zamanda yeni risklər və təhdidlər də ortaya çıxarır. Bu səbəbdən, rəqəmsal mühitdə insan hüquqlarının effektiv şəkildə qorunması üçün qanunvericilik bazasının təkmilləşdirilməsi və ictimai maarifləndirmənin artırılması vacibdir.
Tədbirin sonunda iştirakçılar, rəqəmsal mühitdə insan hüquqlarının təşviqi və qorunması istiqamətində birgə səylərin davam etdirilməsinin vacibliyini vurğulayıblar.