2014-cü ildən etibarən Azercell-in dəstəyilə fəaliyyət göstərən Uşaq Paralimpiya Komitəsi (UPK) pandemiya şəraitində belə fəaliyyətini dayandırmayıb. 2020-ci ildə komitənin məşqçiləri virtual təlimlər təşkil edərək uşaqlarla onlayn qaydada məşğul olublar. Bu da balaca idmançıların aktivliyini saxlamağa, onlarda ruh düşkünlüyünün yaranmasının qarşısının alınmasına kömək edib.
Məhdudiyyətlərə baxmayaraq, 2020-ci ildə komitənin həm də regional bölmələri fəaliyyətə başlayıb. Belə ki, ötən il UPK-nin Lənkəran, Ağcabədi, Gəncə və Qusardakı şöbələri yaradılıb. Burada cüdo, pauerliftinq, dağ xizəyi və snoubord idman növləri üzrə seksiyalar fəaliyyətə başlayıb və ilkin seleksiya işləri aparılıb. Artıq bu bölgələr üzrə komitəyə üzv olan uşaqlarla məşqlərə də başlanılıb.
COVİD-19 virusunun yayılması ilə əlaqədar ölkəmizdə bütün kütləvi tədbirlər təxirə salındığından, ötən il uşaq paralimpiyaçılar arasında ənənəvi yekun yarışma baş tutmayıb. Lakin Uşaq Paralimpiya Oyunlarının təşkili üçün nəzərdə tutulan vəsait uşaqlar üçün yeni idman alətlərinin - boccia üzrə idmançılara yüksək keyfiyyətli topların alınmasına yönəldilib.
2020-ci ildə Uşaq Paralimpiya Komitəsinin fəaliyyətindəki yeniliklərdən biri də ilk dəfə olaraq uşaqlar üçün qış idman növlərinin - dağ xizəyi və snoubord əlavə olunmasıdır. Qeyd edək ki, indiyədək Uşaq Paralimpiya Komitəsi tərəfindən 8 idman növü üzrə məşqlər keçirilirdi. Bura cüdo, üzgüçülük, para-taekvando, pauerliftinq, boccia, qolbol, stolüstü tennis, əlil arabasında idman rəqsləri daxildir.
Komitənin işindəki yeniliklərdən biri də uşaq paralimpiyasına daha çox idmançı cəlb etmək məqsədilə valideynlərdən ibarət “Valideyn klubu”nun yaradılmasıdır.
2020-ci il ərzində sağlamlıq imkanları məhdud daha 40-a yaxın uşaq UPK-nin sıralarına qatılıb. Ümumiyyətlə, UPK-nin səyi ilə 7 ildən çox müddətdə fiziki məhdudiyyətli 160-dən artıq uşaq və yeniyetmənin 10 idman növü üzrə kütləvi idman tədbirlərində, yerli və beynəlxalq səviyyəli yarışlarda fəal iştirakına nail olunub.
Qeyd edək ki, Uşaq Paralimpiya Komitəsi beynəlxalq təcrübədə ilk dəfə olaraq 2013-cü ildə Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsinin nəzdində yaradılıb. Komitə sağlamlıq imkanları məhdud uşaqların abilitasiya və reabilitasiya yolu ilə cəmiyyətə inteqrasiyasına yardım edir. "Azercell Telekom” MMC bu mühüm missiyanı dəstəkləməklə ölkəmizdə uşaqların fiziki sağlamlığı və inkişafının təmin olunmasına öz töhfəsini verir.