“İcbari Sığorta Bürosuna edilən kiber hücumu aşkar etmək imkanımız olmayıb”.
Eləcə də bax: «Sistemi işləmir» iddiası ilə bağlı İcbari Sığorta Bürosundan - AÇIQLAMA
FED.az xəbər verir ki, bunu Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətinin idarə rəisi Tural Məmmədov deyib.
"İcbari Sığorta Bürosunun nə şəbəkə, nə informasiya sistemi, nə də istifadə edilən internet sistemi “Aztexnet”lə əlaqəli deyil. Kiber təhlükəsizliyin təmini ilə bağlı İSB-dən hər hansı müraciət daxil olmayıb. Ona görə də quruma edilən kiber hücumu aşkar etmək imkanımız olmayıb”, - deyə T. Məmmədov əlavə edib.
O bildirib ki, “Aztexnet” sistemi vasitəsilə daha çox dövlət qurumlarının kiber təhlükəsizliyi təmin edilir. Amma sözügedən qurum Azərbaycan Mərkəzi Bankı vasitəsilə müraciət edərsə, onların kibertəhlükəsizliyini həyata keçirə bilərik.
Qeyd edək ki, bir müddət əvvəl İSB-nin sisteminə haker qrupu tərəfindən hücum olunmuşdu. Qrup “DarkNet” internet resurslarında dövlət qurumlarına aid avtomobillərlə bağlı datanı dərc etmişdi. (Apa)