Son illər ərzində genetika elmində çox böyük dəyişikliklər baş verib. Belə ki, XXI əsrin ən böyük ixtiralarından biri – genə düzəliş texnologiyası CRISPR/Cas9 mexanizmi сəmi 7 il əvvəl – 2012-ci ildə Jennifer Doudna və Emmanuelle Charpentier tərəfindən inkişaf etdirilib. Alimlər möcüzə sözünü istifadə etməyi sevməsələr də bir çoxları bu yeni texnologiyanı “möcüzə” hesab edir. Çünki dünənə qədər elmi-fantastika sayılan genetik kodu dəyişmək artıq reallığa çevrilib. Müsahibim süni intellekt üzərində çalışan gənc mütəxəssis İlkin Nəsirovdur.
- İlkin bəy, CRISPR texnologiyası haqqında eşidirik və nələrsə öyrənməyə çalışırıq, lakin sanki insana fantastika kimi gəlir...
- Bu texnologiya əsasən, 2007-ci ildən araşdırılmağa başlanılıb. Bir bakteriya və virus götürüblər, baxıblar ki, virusun daşıdığı DNT hissəcikləri bakteriylarda da var. Sonra araşdırılıb ki, bu necə ola bilər, virusda olanlar bakteriyalarda öz əksini tapır. 2012-ci ildə müəyyən edilib ki, virus bir bakteriyaya yaxınlaşır və həmin an orda CAS9 deyilən bir özəllik var, həmin CAS9 onu araşdırır, kəsir, götürür və DNT-ni saxlayır özündə. Sonra növbəti dəfə virus gələndə o, müqayisə edir ki, bu virusdur, yoxsa yox. Əgər virusdursa, həmin hissəni kəsir, yaxınlaşmağa qoymur. Məsələn, deyək ki, bu günün ən aktual mövzularından biri xərçəng xəstəliyidir. O da hər hansı bir DNT-də pozulmalara gətirib çıxarır. Bu texnologiya ilə xərçəng xəstəliyinin mövcud olduğu DNT-ni deaktiv etmək mümkündür.
Bu işə genetika mühəndisliyi deyirlər. Bilmirəm bizdə var, ya yoxdur.
- Bu texnologiya xərçəng xəstəliyinin qarşısını almaq üçün istifadə oluna bilərmi?
- Bu texnologiya xərçəng xəstəliyinin qarşısını almaq üçün maraqlı metodlardan biridir. Əslində, başqa metodlar da var. Məsələn, kimyəvi maddə ilə xərçəng olan hissəni deaktiv etmək mümkündür. Mən bildiyimə görə bunun qiyməti 50-100 min dollar arasında dəyişir. CRISPR texnologiyası vasitəsiləsə həmin hissə qeyri-aktiv edilmir, kəsilib çıxarılır. Bunun qiyməti sadəcə 30-40 dollardır. Düşünün, əgər bu tətbiq olunsa dünyada xərçəng xəstəsi qalarmı?
- Bu hansısa ölkədə və yaxud tibbdə tətbiq olunurmu?
- Hələki tibbdə bunun tətbiq olunması qadağandır. Ancaq qadağan olunmayan ölkələr də var – Amerika Birləşmiş Ştatları və Çin. Bu ölkələrdən başqa demək olar ki, bütün ölkələrdə qadağandır. Çünki bunun yaxşı tərəfləri ilə bərabər pis tərəfləri də var. Siz uşaq anadan olanda onun DNT-sini özünüz əl ilə yaza bilərsiz. Məsələn, gözü göy olsun, saçları uzun olsun və s. Bunların hamısını siz orda qeyd edib reallaşdıra bilərisiniz. Yəni siz müəyyən hissəni kəsib götürürsünüz və yerinə istədiyiniz kodu yazırsınız. Bu, çox sadədir. İnsanın kod sistemi var və siz həmin kod sistemində bunları seçə bilərsiniz.
- Çox maraqlıdır, sanki illər öncə bitkilərin və heyvanların üzərində aparılan və ictimaiyyətə açıqlanan təcrübədən danışırsınız. Lakin burda söhbət insandan gedir...
- Bildiyim qədəri ilə təcrübə siçanlar arasında keçirilir. Lakin Çində iki əkiz uşaq da var. Onlar arasında bu təcrübə keçirilib. Ancaq bu bir az təhlükəlidir. Çünki bunu müşahidə etmək üçün gərək uşaq böyüsün və böyüyəndən sonra müşahidə olunsun. Daşıdığı o gen bundan sonrakı övladlarına necə təsir göstərəcəyi də maraqlıdır. Bütün bunlara görə, bu texnologiya hələ test mərhələsindədir. Mediaya deyirlər ki, bu, virusları aradan qaldırır. Amma bunun altında yatan əsas məsələ insan geninin dəyişdirilmə texnologiyasıdır.
Bu texnologiya çox maraqlı və hətta deyərdim ki, sərhədsizdir. Lakin hər bir mexanizm kimi bunun da pis tərəfləri var. Məsələn, təssəvür edin, imkanlı şəxslərin övladları ideal formada, aşağı təbəqə isə fərqli doğulur. Bununla təkamül inqilabı baş verə bilər.
- Bununla bağlı ən çox araşdırmalar, təcrübələr hansı ölkədə aparılır?
- İki əsas ölkədə təcrübə aparılır – ABŞ və Çin. Çünki bu ölkələrdə bununla bağlı qadağalar qoyulmayıb. Elə böyük texnologiya olduğu burdan da anlaşılır.
@Ted.az