Azərbaycanda ilk dəfə Bakı şəhəri və Abşeron rayonunda “ağıllı” poçt qutuları quraşdırılıb. “Ağıllı” poçt qutularının istehsalı və istismarına görə Kiçik və Orta Biznesin İnkişafı Agentliyi "Smartpost” MMC-yə startap şəhadətnaməsi verib.
Azərbaycanda aktiv startapların sayının kəskin artacağı proqnozlaşdırılır
FED.az xəbər verir ki, MMC-nin rəhbəri Samir İsmayılovun sözlərinə görə, Azərbaycanda ilk dəfə bulud sistemi üzərindən hazırladıqları proqram təminatı vasitəsilə avtomatlaşdırılmış poçt xidməti təqdim edirlər: “Avtomatlaşdırılmış poçt qutuları layihəsini Azərbaycanda ilk dəfə biz hazırlayıb istifadəyə verdik. Bu, vətəndaşlara özlərinə yaxın olan ərazilərdən növbəsiz şəkildə karqo və internet sifarişlərini əldə etmək imkanı verir. Bu “ağıllı” poçt qutuları insanların daha çox olduğu müxtəlif yerlərdə - supermarketlərdə, iş mərkəzlərində və s. quraşdırılır. Vətəndaş ona göndərilən SMS kodu ilə terminala yaxınlaşır, həmin kodu daxil edir və açılan qutudan bağlamasını götürür. İlk dəfə “Texnofest”də təqdim edilmiş bu yenilik artıq Bakı şəhəri və Abşeron rayon sakinlərinin istifadəsi üçün açıqdır”.
S.İsmayılov bildirib ki, yaxın perspektivdə layihənin əhatə dairəsini genişləndirməklə Azərbaycanın bölgələrində, xüsusilə digər şəhər mərkəzlərində tətbiq etmək niyyətindədirlər.
Startapçı qeyd edib ki, təqdim etdikləri poçt xidmətləri ənənəvi poçt xidmətindən fərqlənir: “Ənənəvi xidmətdə sifarişinizi almaq üçün sizin iki yolunuz var: ya poçt məntəqəsinə getməlisiniz, ya da poçtun nümayəndəsini gözləməlisiniz. Bizim təqdim etdiyimiz platformada isə yeni və daha rahat bir üsul tətbiq olunur: vətəndaş vaxt itkisinə məruz qalmadan və növbə gözləmədən sifarişini götürə bilər. Buna "özün götür" xidməti də demək olar. Burada vətəndaş sifarişi haradan və nə zaman götürəcəyinə özü qərar verir”.
S.İsmayılov əlavə edib ki, indiyədək bu xidmətdən 10 minə yaxın insan istifadə edib: “Bakı və Abşeronda 100-ə yaxın “ağıllı” qutu quraşdırılıb. Bu qutular vasitəsilə karqo şirkətlərinin xaricdən gətirdiyi və yerli internet mağazalarının məhsullarını qəbul etmək olar. Hazırda daha çox xaricdən sifariş edilmiş məhsullar qəbul edilir”. (Vergilər.az)