Azərbaycanda iş adamının külli miqdarda pulunu ələ keçirməkdə təqsirləndirilən Ceyhun Əşrəfov, Cavid Hüseynli, Rüstəm Qafarov, Seymur Məhərrəmov və Zaur Qurbanovun cinayət işi üzrə məhkəmənin hazırlıq iclası keçirilib.
FED.az xəbər verir ki, bu gün Bakı Hərbi Məhkəməsində hakim Zaur Hacıyevin sədrliyi ilə keçirilən prosesdə anket məlumatları dəqiqləşdirilib, tərəflərə hüquq və vəzifələri izah edilib.
Daha sonra təqsirləndirilən şəxslərin vəkilləri vəsatət verib.
Təqsirləndirilən Seymur Məhərrəmovun vəkili Orxan Bünyatov vəsatət verərək müvəkkili barəsində olan qətimkan tədbirinin ev dusdaqlığı ilə əvəz edilməsini xahiş edib. Vəkil bildirib ki, cinayət işi üzrə müvəkkilinə 200 min manat çatıb. Lakin müvəkkili həmin pulu özünə götürməyib, Zaur Qurbanova verib.
Seymur Məhərrəmovun digər vəkili Şaiq Mirzəyev bildirib ki, müvəkklinin himayəsində iki azyaşlı övladı və xəstə valideynləri var. Vəkil onun barəsində seçilmiş həbs qətimkan tədbirinin ev dustalığı ilə əvəz edilməsini xahiş edib.
Dövlət ittihamçısı vəsatətə münasibət bildirərkən qeyd edib ki, Seymur Məhərrəmov iki il ərzində ziyanı ödəməyib. O, vəsatətin təmin edilməməsini istəyib.
Rüstəm Qafarovun vəkili Esmira Hüseynova isə bildirib ki, müvəkkilinin üç mülkü var: “Biz istəyirik ki, həmin mülkləri ziyan əvəzi ödəyək. Bunun üçün də müvəkkilim barəsində olan həbsin ev dustalığı ilə əvəz edilməsini xahiş edirik”.
Daha sonra Cavid Hüseynlinin vəkili vəsatətlə çıxış edərək bildirib ki, zərərçəkənə ziyanın bir qismi (927 min manat) ödənilib: "Tam ödənilməsi üçün Cavid Hüseynli barəsində olan həbs qətimkan tədbirini ev dustalığı ilə əvəz edilməsini xahiş edirəm".
Digər vəkillər də müvəkkiləri barəsində olan həbs qətimkan tədbirinin ev dustalığı ilə əvəz edilməsini istəyiblər.
Zərərçəkən sahibkar Quvat Beybutov vəsatətə münasibət bildirərkən qeyd edib ki, yanlız Cavid Hüseynli barəsində olan həbs qətimkan tədbirinin dəyişdirilməsinə etiraz etmir. O, digər şəxslərlə bağlı vəsatətlərin təmin edilməməsini xahiş edib.
Dövlət ittihamçısı Cavid Hüseynli barədə vəsatətə humanist yanaşılmasını, digər vəsatətlərin təmin edilməməsini və işin baxışa verilməsini təklif edib.
Məhkəmə qərar qəbul etmək üçün müşavirəyə gedib.
Müşavirədən sonra Cavid Hüseynli barəsində olan həbs qətimkan tədbirinin ev dustaqlığı ilə əvəzlənməsi barədə qərar verilib. O, məhkəmə zalından sərbəst buraxılıb.
Digər vəsatətlər təmin edilməyib, cinayət işi məhkəmə baxışına verilib.
Məhkəmənin baxış iclası dekabrın 25-nə təyin olunub.
Qeyd edək ki, iş üzrə zərərçəkən şəxs qismində iş adamı Quvat Beybutov tanınır. İttihama görə, təqsirləndirilən şəxslər dələduzluq yolu ilə onun 4 milyon 19 min manat pulunu ələ keçiriblər.
Təqsirləndirilən Ceyhun Əşrəfov Sindo-ryu və Pençak Silat Federasiyasının prezidenti olub. O, istintaq dövründə 515 min manat zərəri ödəyib və barəsində həbs olmayan qətimkan tədbiri seçilib.
Təqsirləndirilən şəxslər Cinayət Məcəlləsinin 178.4-cü (dələduzluq,xüsusi ilə külli miqdarda törədildikdə) maddəsi ilə ittiham edilir. (Apa)










