Azərbaycan Mərkəzi Bankı ölkədə fəaliyyət gösətərən elektron mağazalar şəbəkəsi barəsində inzibati xəta protokolu yazıb, 19 mayda Nərimanov Rayon Məhkəməsinə göndərib.
Eləcə də bax: AMB: Bankların valyuta satışında məhdudiyyətləri qoyması - Qanuna Uyğundur
FED.az Banker.az-a istinadən xəbər verir ki, haqqında cərimə protokolu tərtib edilən “Bakinity Distribution” Məhdud Məsuliyyətli Cəmiyyətidir.
Məlumata görə, elektron məhsullar satışı həyata keçirən şirkət İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə cərimələnib. Bu maddə İXM-də valyuta tənzimi qaydaları pozulmasına görədir.
Bu maddədə, avans yolu ilə ödənilmiş valyuta vəsaitinin müqabilində müəyyən edilmiş müddətlərdə müvafiq mallar idxal edilmədikdə, işlər görülmədikdə və ya xidmətlər göstərilmədikdə ödənilmiş valyuta vəsaitinin xaricdən geri qaytarılmamasına görə, hüquqi şəxslər inzibati xətanın obyekti olmuş valyuta vəsaiti məbləğinin 20 faizindən 30 faizinədək məbləğdə cərimə edilir.
Sahibkar müqavilə bağlayaraq, xarici şirkətə ödəniş edib, sövdələşdiyi vaxt yox, 2 il müddət çərçivəsində malı həmin şirkətdən ya almalı, ya da ödədiyi maliyyə vəsaitini geri qaytarmalıdır. Bunlara əməl etmək mümkün olmadıqda isə sahibkarlara Azərbaycan Respublikası Mərkəzi Bankı tərəfindən, müqavilə məbləğinin 20-30 faizi civarında cərimə protokolu tərtib olunur.
“Bakinity Distribution” MMC 2008-ci ildə yaradılıb, 100 min manat nizamnamə kapitalına sahibdir.