Tanınmış hüquqşünas Əkrəm Həsənov Konstitusiya Məhkəməsinin 11 oktyabr tarixli
qərardadını kəkin tənqid edib və onu antikonstitusion adlandırıb.
FED.az xatırladır ki, sözügedən qərardad Konstitusiya Məhkəməsinin 31 may 2018-ci il və 25 iyul 2019-cu ildə kredit xətti üzrə zaminlik və ipoteka müqavilələrinə dair qərarlarına dairdir.
Eləcə də bax: Konstitusiya Məhkəməsinin kreditlərlə bağlı - YENİ QƏRARI
Hüquqşünas yazır:
«Bankların xeyrinə misilsiz biabırçı qərardad! Bundan o tərəfi daha yoxdur! bundan sonra Azərbaycan nəinki hüquqi dövlət deyil, antihüquqi dövlətdir!
11 oktyabrda Konstitusiya Məhkəməsi qərardad (qərar yox, məhz qərardad – bu vacibdir!) qəbul edib. Ən azı saytından belə görünür (http://www.constcourt.gov.az/decisions). Əslində, nə vaxt onu qəbul edib və yerləşdirib – bir Allah bilir, bir də özü! Çünki mətbuatda bu barədə heç bir məlumat getməyib. Halbuki, məsələn, əvvəlki qərardadı mətbuatda dərc edilmişdi. Bu məxfiliyin səbəbi nədir?
Səbəb odur ki, bu qərardad ölkənin hüquq sistemini tam alt-üst edib! Konstitusiya Məhkəməsi deyib ki, onun iki qərarında qanunlara verdiyi şərh yalnız bundan sonra yaranacaq münasibətlərə və həmin iki qərarın qəbulunadək məhkəmədə olan işlərə aiddir. Yəni münasibətlər əvvəl yaranıbsa, amma iş hələ məhkəmədə deyilsə, Konstitusiya Məhkəməsinin həmin 2 qərarındakı şərh potensial məhkəmə işlərində rəhbər tutula bilməz.
Eləcə də bax: Konstitusiya Məhkəməsi istehlak kreditləri ilə bağlı qərar çıxarıb
Cəfəngiyyat!
İndi isə keçək məsələnin mahiyyətinə. Qərardad Konstitusiya Məhkəməsinin 31 may 2018-ci il və 25 iyul 2019-cu ildə kredit xətti üzrə zaminlik və ipoteka müqavilələrinə dair qərarlarına dairdir (həmin məsələ üzrə ölkədə konstitusion böhran da yaşanmışdı, çünki Ali Məhkəmə Konstitusiya Məhkəməsinin mövqeyi ilə hesablaşmırdı, bu barədə yazmışdım: https://www.facebook.com/akram.hasanov.5/posts/10218667641978799). Nə qədər təəccüblü olsa da, həmin qərarlar bankların əleyhinə idi. Ən azı 4-5 bankın geniş istifadə etdiyi şübhəli kredit və təminat sxemi ifşa edilmiş, zaminlərə və ipoteka qoyanlara borc bataqlığından çıxmağa imkan yaratmışdır. Belə ki, qərarlara görə zaminin və ipoteka qoyanın iştirakı olmadan kredit xətti üzrə bağlanmış kredit sazişləri varsa, zaminliyə xitam verilməli, ipoteka müqaviləsi isə bağlanmamış hesab edilməlidir.
Sözügedən qərarlar banklar üçün şok olmuşdur! Buna görə də təxmin etmək olardı ki, Konstitusiya Məhkəməsinə təzyiqlər olacaq. Artıq bu ilin 9 sentyabrında Konstitusiya Məhkəməsi qərardad qəbul edib dedi ki, həmin qərarları onların “qüvvəyə minməsindən əvvəl qanuni qüvvəyə minmiş məhkəmə aktları ilə həll olunmuş mübahisələrə şamil olunmur”. Bankların xeyrinə olsa da, düzgün yanaşma idi: qüvvəyə minmiş məhkəmə qərarlarının sabitliyini qorumaq lazımdır. Yəni bankların artıq udduğu işlərə bir də baxılmayacaq.
Amma görünən odur ki, bankları bu da qane etmədi. Onlar istəyirdi ki, Konstitusiya Məhkəməsi ümumən desin ki, sözügedən qərarları yalnız bundan sonra bağlanan əqdlərə aiddir. Nəticədə, sən demə, 11 oktyabrda Konstitusiya Məhkəməsi həmin qərarlarla bağlı növbəti qərardad qəbul edərək deyib ki, həmin qərarlar onların “qüvvəyə minməsindən sonra yaranan münasibətlərə, habelə predmetlərinə müvafiq olaraq Plenumun 2018-ci il 31 may və 2019-cu il 25 iyul tarixli Qərarları qüvvəyə minənədək məhkəmələrin icraatında olan mübahisələrə şamil olunur”. Yəni indiyə kimi bağlanmış sözügedən qanunsuz zaminlik və ipoteka müqavilələri üzrə zamin və ipoteka qoyan Konstitusiya Məhkəməsinin həmin qərarlarından öz xeyrinə istifadə edə bilməyəcək. Başqa sözlə, kim (əsasən borcunu ödəməyənlər) cəld tərpənib indiyədək məhkəmədən haqqını tələb edibsə, Konstitusiya Məhkəməsinin qərarları onlara şamil olunacaq. Digərlərinə (əsasən borcunu indiyədək ödəyənlərə) isə yox!
Məhkəmə mövqeyini necə əsaslandırıb? Belə: “verilmiş şərh nəticəsində bu normaların geniş təfsir edildiyini və bu təfsirin təcrübi tətbiqində müəyyən dəyişikliklərə səbəb ola biləcəyini nəzərə alaraq, mülki dövriyyənin və dövlətin iqtisadi-maliyyə vəziyyətinin sabitliyinin qorunması məqsədi ilə”. Hüquqi yanaşmadan əsər-əlamət yoxdur! Sanki siyasi qərardır!
Bu, tam cəfəng yanaşmadır. Konstitusiya Məhkəməsi qanunlara şərh verir, yeni hüquq norması yaratmır. Qanuna şərh verilirsə, həmin şərh vahid qaydada tətbiq edilməlidir. Mülki Məcəllənin 7-ci maddəsinə əsasən mülki qanunvericiliyin müddəaları qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. Bütün münasibətlərə! Onlar üzrə məhkəmə mübahisəsinin nə zaman yaranması fərqli tətbiq üçün əsas ola bilməz!
Ümumiyyətlə, sual yaranır ki, bəs yeni məhkəmə mübahisələri üzrə məhkəmələr mübahisəli hüquq normalarını necə tətbiq etməlidir? Axı Konstitusiya Məhkəməsi bu barədə heç nə demir!
Bu qərardadı ilə Məhkəmə əvvəlki qərarlarında dəm vurduğu hüquqi müəyyənlik prinsipinə ağır zərbə vurdu, anarxiya yaratdı. Hətta bütün əvvəlki qərarlarının da nə vaxtdan tətbiq olunması haqda mübahisələrə qapı açdı. Məsələn, mən də indi deyirəm: devalvasiya üzrə əhalinin əleyhinə olan qərarlar da yalnız həmin qərarlaradək olan məhkəmə mübahisələrinə aid olsun! Banklar üçün məqbuldur belə yanaşma?
Ən əsası isə Konstitusiya Məhkəməsinin eyni məsələ üzrə sonsuzadək yeni qərarlar (qərardadlar) çıxarması ənənəsi qoyuldu (bu nədir? əlavə konstitusiya icraatları?). Təsəvvür edin ki, bu ilin 15 may tarixində bir iş üzrə müşavirəyə gedib hələ də qərar çıxara bilməyən Konstitusiya Məhkəməsi bir iş üzrə artıq 3 qərar verib: bir qərar və iki qərardad. Özü də onların hamısı ötən ilin 31 may tarixli qərarına da aiddir. Bundan sonra Konstitusiya Məhkəməsinin heç bir qərarının yekun olduğu əminliyi olmayacaq. Hətta seçkilər üzrə. Bir də gördünüz ki, onlara da yenidən baxıb ölkədə siyasi idarəçiliyi də iflic etdi. Belə Məhkəmədən nə desən gözləmək olar!
Nəhayət, Konstitusiya Məhkəməsi haqqında Qanunun 68-ci maddəsinə əsasən Konstitusiya Məhkəməsinin Plenumu yalnız iclaslarında yaranan məsələlərin həlli üçün və qanunla nəzərdə tutulmuş başqa hallarda qərardadlar qəbul edə bilər. Əvvəlki qərarların qüvvəsinə dair qərardad qəbul edilə bilməz! Bu, artıq məsələyə mahiyyəti üzrə yenidən baxmaq deməkdir. 63-cü maddəyə görə isə bu halda yenə qərar qəbul edilməlidir. Başqa sözlə, sözügedən qərardadın əslində heç bir hüquqi qüvvəsi yoxdur...
P.S. Dərin utanc hissi keçirirəm. Ölkənin hüquq sisteminə, məhkəmələrinə, hakimlərinə görə. Biz nəinki hüquqi dövlət deyilik, bundan sonra antihüquqi dövlətik artıq! Bu qərardadı hansı xarici hüquqşünasa göstərsən, bizi məsxərə qoyacaq. Bəlkə də xarici hüquq dərsliklərinə dail olacaq. Antihüquq nümunəsi kimi! Ölkəmizin hüquq və biznes mühitinə hansı etimaddan danışmaq olar bundan sonra? Qeyri-müəyyənliyin hökm sürdüyü ölkəyə heç kəs sərmayə qoymaz. Bir ölkədə ki, Konstitusiya Məhkəməsi qanunu şərh edir, sonra isə deyirsə ki, şərhi yalnız mövcud məhkəmə işlərinə aiddir, o ölkədə hüquq yoxdur...»