Konstitusiya Məhkəməsi ixtisar edilən və ya işlədiyi müəssisənin ləğvi nəticəsində işsiz qalan vətəndaşlarla bağlı qərar verib.
FED.az xəbər verir ki, Fərhad Abdullayevin sədrliyi ilə Konstitusiya Məhkəməsi Plenumunun iclasında Bakı Apellyasiya Məhkəməsinin müraciəti əsasında Əmək Məcəlləsinin 3-cü maddəsinin 1-ci hissəsinin, 294-cü və 296-cı maddələrinin şərh edilməsinə dair konstitusiya işinə baxılıb.
Konstitusiya Məhkəməsinin Plenumu iş üzrə hakim C.Qaracayevin məruzəsini, maraqlı subyektlərin nümayəndələrinin - Bakı Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının sədri E.Rəhimovun və Milli Məclis Aparatının Sosial qanunvericilik şöbəsinin müdiri A.Vəliyevin, mütəxəssis Ali Məhkəmənin Mülki Kollegiyasının sədri S.Hacıyevin mülahizələrini, ekspert qismində Bakı Dövlət Universitetinin Hüquq fakültəsinin Əmək və ekologiya hüququ kafedrasının müdiri, hüquq üzrə elmlər doktoru professor A.Qasımovun rəyini və işin materiallarını araşdırıb müzakirə edərək qərar qəbul edib.
Qərarda deyilir ki, əmək müqaviləsi işçi ilə mülkiyyətçi və ya onun təyin (müvəkkil) etdiyi müəssisənin rəhbəri, habelə səlahiyyətli orqan tərəfindən bağlanmışdırsa, işçinin çalışdığı filial və ya nümayəndəliyin ləğvi zamanı əmək müqaviləsi Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “b” bəndində nəzərdə tutulan işçilərin sayı və ya ştatların ixtisar olunması əsası ilə ləğv edilməlidir.
Əmək müqaviləsi işçinin çalışdığı iş yeri üzrə mülkiyyətçinin müvəkkil etdiyi müəssisənin rəhbəri ilə bağlanmışdırsa, işçinin çalışdığı filial və ya nümayəndəlik ləğv olunarkən həmin müqavilə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “a” bəndində nəzərdə tutulan müəssisənin ləğv edilməsi əsası ilə ləğv olunmalıdır.
Azərbaycan Respublikası Əmək Məcəlləsinin 294-cü maddəsinin 2-ci hissəsinin tələbinə görə, fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqanın yaradılması yalnız kollektiv müqavilələrdə nəzərdə tutulmalı və bu orqan müəssisələrdə həmkarlar ittifaqları təşkilatının nəzdində yaradılmalıdır.
Qərarda deyilir ki, fərdi əmək mübahisələrinə məhkəməyə qədər baxan orqan və məhkəmələr mübahisələrin həllində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsində müəyyən edilən iddia müddətlərini tətbiq edərkən bu Qərarın təsviri-əsaslandırıcı hissəsində əks olunan hüquqi mövqeləri nəzərə almalıdırlar.
Sözügedən maddədə deyilir ki, 294-cü maddədə nəzərdə tutulan hallarda işçi şikayətini 3 ay müddətində edə bilər. Qalan hallarda isə hüquqlarının pozulmasına görə, müraciət 1 ay müddətində edilə bilər.
Əmək Məcəlləsinin sözügedən maddəsi aşağıdakı kimidir:
Maddə 296. Fərdi əmək mübahisələrinin həllində iddia müddətləri
1. Bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər.
2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.
3. Hüququnun pozulmasının aşkar edildiyi gün, işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi, həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.
4. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 1 il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir.
5. İşəgötürən bu Məcəllə ilə müəyyən edilmiş hallarda işçiyə qarşı iddia ərizəsi ilə məhkəməyə hüquqlarının və qanuni mənafelərinin pozulduğu gündən 1 təqvim ayı müddətində, ona maddi ziyan vurulması məsələləri ilə əlaqədar isə ziyanın vurulmasını aşkar etdiyi gündən 1 il müddətində müraciət edə bilər.
6. Bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər.
7. Mediasiya prosesinin tətbiqi ilə əlaqədar iddia müddətinin axımının dayandırılması məsələsi “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilir.
Qeyd: Bu maddənin altıncı hissəsində iddiaçının «yaxın qohumu» dedikdə, işçinin atası, anası, babası, nənəsi, əri (arvadı), uşaqları, bacıları, qardaşları, qudaları, ərinin (arvadının) valideynləri, qardaşları, bacıları başa düşülməlidir. İşçinin digər qohumlarının vəfatı ilə əlaqədar iddia müddətinin ötürülməsini hakim üzürlü hal hesab edə bilər.