FED.az xəbər verir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin Hüquq şöbəsinin müdiri Elvin Novruz Əmək Məcəlləsinə son dəyişikliklə bağlı müsahibə verib.
Eləcə də bax: Əmək müqaviləsinə keçid sahibkarlara - BU MƏBLƏĞƏ BAŞA GƏLƏCƏK – HESABLAMA
- Əmək Məcəlləsinə son dəyişikliklərə əsasən, qanunvericiliyə bəzi yeniliklər edilib. Yeniliklərə görə işəgötürən və işçi arasında əmək münasibətləri yaranarsa, bu halda onlar arasında mülki-hüquqi müqavilə bağlana bilməz. Hansı hallarda mülki-hüquqi müqavilə bağlanması qadağandır?
- İki şəxs arasında əmək münasibətləri yaranıbsa, bağlanılmalı olan müqavilə əmək müqaviləsidir. Bəzən xidmət münasibəti ilə əmək münasibəti arasındakı cizgi qarışdırılır. Əmək Məcəlləsinə edilən son dəyişiklikdə əmək münasibətinin izahı geniş verilib.
Belə ki, əmək münasibətləri – əmək qanunvericiliyində, kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işəgötürənlə qarşılıqlı razılıq əsasında müəyyən edilən iş yerində işçi tərəfindən onun işə qəbul (təyin) edildiyi, seçildiyi, bərpa olunduğu peşə və ya vəzifə üzrə əmək funksiyasının əməkhaqqı ödənilməklə şəxsən yerinə yetirilməsinə, daxili intizam qaydalarına riayət edilməsinə, işəgötürən tərəfindən işçinin əmək şəraitinin, təminatlarının və əməyinin mühafizəsinin təmin edilməsinə, habelə Əmək Məcəlləsinin prinsiplərinə əsaslanan münasibətlərdir.
Əgər müqavilədə işçi və işəgötürən barədə ətraflı məlumat verilirsə, müqavilədə işçinin iş yeri, vəzifəsi, peşəsi, müqavilənin müddəti, işçinin əmək funksiyası, iş və istirahət vaxtı, əmək haqqı, məzuniyyətin müddəti və vaxtı göstərilirsə, bu, əmək müqaviləsi bağlanması deməkdir.
Tərəflər arasında münasibətlər işəgötürənin əsas fəaliyyət sahəsinə aid işlərin (xidmətlərin) yerinə yetirilməsi ilə bağlı yarandıqda, bu münasibətlər yalnız əmək müqaviləsi ilə tənzimlənməlidir. Qısası, hər hansı şəxs qarşı tərəfə onun əsas fəaliyyət sahəsi üzrə xidmət göstərirsə, işlər yerinə yetirirsə, mütləq əmək müqaviləsi bağlanmalıdır.
Ümumiyyətlə qanunvericilikdə mülki-hüquqi müqavilələrin bağlanması tam qadağan olunmayıb, sadəcə reqlamentləşdirilib.
- Dəyişikliklərdə qeyd olunub ki, mülki-hüquqi müqavilənin müddəti qurtardıqda tərəflər aralarındakı münasibəti davam etdirərsə, bu, artıq əmək münasibəti hesab olunur. Yəni tərəflər ikinci dəfə mülki-hüquqi müqavilə bağlaya bilməz? Cavabı nümunə ilə izah edə bilərsiniz?
- Yerinə yetirilməsi şərtlərinə görə iş (xidmət) müvəqqəti xarakterə malik olduğu halda müqavilənin müddətinin uzadılması Əmək Məcəlləsinin 73-cü maddəsinə uyğun tənzimləndikdə, bu, əmək münasibətləri hesab edilir və onların mülki hüquqi müqavilələrlə rəsmiləşdirilməsinə yol verilmir. Bildiyiniz kimi, müddətli əmək müqaviləsinin müddəti qurtardıqda xitam verilir. Müddətli əmək müqaviləsində göstərilən müddət qurtardıqda əmək münasibətləri davam etdirilərsə və müddət bitdikdən sonrakı bir həftə ərzində tərəflərdən heç biri müqaviləyə xitam verilməsini tələb etmirsə, həmin əmək müqaviləsi əvvəl müəyyən olunmuş müddətə uzadılmış hesab olunur.
İki şəxs, işlərin yerinə yetirilməsini istəyən şəxs və xidmətlər yerinə yetirən şəxs arasında münasibətlərin yerinə yetirilməsi hansısa müddətdə yekunlaşmırsa, belə çıxır ki, bu iş və ya xidmət artıq daimi xarakterli və ya artıq işləri gördürmək istəyən şəxsin fəaliyyətinə uyğun işlərdir ki, bu da artıq əmək müqaviləsi ilə rəsmiləşdirilməlidir.
Hətta elə məqamlar ortaya çıxır ki, hər hansı bir sahibkarlıq subyekti tərəfindən hər hansı bir şəxslə bağlanan müqavilədə konkret vəzifə müəyyən edilir. Məsələn, iaşə obyektlərində müştərilərə xidmət göstərən şəxslərlə – deyək ki, restoranda işləyən ofisiantlarla mülki-hüquqi müqavilələrin bağlanması qəbuledilməzdir. Çünki həmin ofisiantların o iş yerində yerinə yetirdiyi iş həmin iş yerinin fəaliyyət sahəsinə aid işdir. Lakin həmin iaşə obyektində hər hansı bir usta işi və ya layihələndirmə işləri gördürüləcəksə və həmin xidmətlərdən istifadə ediləcəksə, bu halda o işlərlə məşğul olan digər üçüncü şəxslərin xidmətlərindən istifadə edilməsi məqsədilə mülki-hüquqi müqavilələr bağlanıla bilər. Bu da tərəflər arasında mülki münasibətlərdir.
Konkret vəzifə, peşə adı varsa, burada mülki-hüquqi müqavilədən söhbət gedə bilməz. Eyni ilə də sizin işinizlə bağlı deyə bilərəm ki, Mətbuat Mərkəzlərində mətbuat nümayəndəsi ilə mülki-hüquqi müqavilə bağlamaq olmaz, çünki bu iş yerinin əsas fəaliyyət sahəsi məhz bu işdir, burda daimi iş münasibəti var.
- Tərəflər əmək münasibətində olduğu halda, mülki-hüquqi müqavilə bağlanıbsa, bu necə aşkar edilir? Bununla bağlı hansı tədbirlər görülür? Qanunda bu halla bağlı nə qədər cərimə nəzərdə tutulur?
- Daxil olmuş şikayətlər və məlumatlar əsasında araşdırma aparılır və əgər hər hansı bir formada qanunvericiliyin pozulması halı aşkarlanırsa, bu halda müvafiq tədbirlər görülür. İnzibati Xətalar Məcəlləsinin 192.1-ci maddəsinə əsasən, Əmək Məcəlləsində nəzərdə tutulmuş qaydada əmək müqaviləsi (kontraktı) hüquqi qüvvəyə minmədən işəgötürən tərəfindən fiziki şəxsləri hər hansı işlərin (xidmətlərin) yerinə yetirilməsinə cəlb edilməsinə görə-fiziki şəxslər min manatdan iki min manatadək məbləğdə, vəzifəli şəxslər üç min manatdan beş min manatadək məbləğdə, hüquqi şəxslər iyirmi min manatdan iyirmi beş min manatadək məbləğdə cərimə edilir. (Apa)