Gürcüstan Prezidenti Salome Zurabişvili parlament seçkilərinin mümkün saxtalaşdırılması ilə bağlı verdiyi bəyanatlarla əlaqədar Baş Prokurorluğa çağırılıb.
Gürcüstan prezidenti parlament seçkilərini tanımaqdan imtina edib
FED.az xəbər verir ki, bu barədə Gürcüstanın Baş Prokurorluğu məlumat yayıb.
Məlumatda deyilir ki, Mərkəzi Seçki Komissiyasının (MSK) müraciəti əsasında Gürcüstan Baş Prokurorluğu parlament seçkilərinin saxtalaşdırılması faktı ilə bağlı Cinayət Məcəlləsinin 164-cü maddəsində nəzərdə tutulmuş cinayət əlamətləri ilə araşdırmaya başlayıb.
MSK-nın bəyanatına və mediada yayılan məlumatlara görə, Gürcüstan Prezidenti Salome Zurabişvilinin əlində 2024-cü il parlament seçkilərinin mümkün saxtalaşdırılması ilə bağlı sübutlar olmalıdır. Qanunun tələbinə əsasən, Gürcüstan Prezidenti oktyabrın 31-də dindirilmək üçün istintaq orqanına çağırılıb.
Gürcüstan Prokurorluğu, MSK-nın direktivində göstərildiyi kimi, eyni zamanda, Gürcüstan Prezidentinin, ayrı-ayrı siyasi partiyaların və müşahidə missiyalarının nümayəndələrinin səsləndirdiyi faktların öyrənilməsi üçün bütün zəruri istintaq və prosessual hərəkətləri həyata keçirəcək. İstintaq çərçivəsində iddia edilən cinayət faktı ilə bağlı məlumatı olan şəxslərin hamısı dindiriləcək. (Azərtac)