Azərbğaycanda borcunu və kreditin qaytarmayanlara qarşı yeni sərt tədbirlərin görülməsi planlaşdırılır.
“1 milyon borcu olanın 5 milyonluq əmlakına həbs qoymaq olmaz”
FED.az xəbər verir ki, bu hazırda Milli Məclisdə müzakirə olunan Mülki Prosessual Məcəlləyə dəyişikliklər layihəsində nəzərdə tutulub.
Məcəllənin 231-ci maddəsinə nəzərə tutulan dəyişikliyə əsasən, borcunu qaytarmayanların əmlakına həbs qoyulacaq.
Qeyd edək ki, Məcəllənin 231-ci maddəsi məhkəmə qətnaməsinin icrası ilə bağlı məsələləri əhatə edir. Buraya qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi icra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması aiddir.
231.4-cü maddəyə edilən dəyişikliyə əsasən, borclunun ölkədən getməsinin məhdudlaşdırılması ilə yanaşı, onun əmlakına həbs qoyulması da icra məmurunun təqdimatına əsasən həll edilir. İcra məmuru bununla bağlı məhkəməyə müraciət edirvə qərarı məhkəmə qəbul edir.
Məcəlləyə edilən dəyişiklikdə, borclu ilə bağlı yeni qərarların qəbulu prosesinə vaxt çərçivəsi qoyulub.
Belə ki, yeni əlavə edilən 231.3-1 maddəsinə əsasən, məhkəmə borclunun əmlakı üzərinə həbs qoyulması haqqında təqdimata onun daxil olduğu vaxtdan 5 iş günü müddətində, qətnamənin icrasına möhlət verilməsi və ya onun hissə-hissə icra edilməsi, qətnamənin icra üsulunun və qaydasının dəyişdirilməsi haqqında ərizələrə və icra üzrə icraatın dayandırılması, borclunun ölkədən getmək hüququnun müvəqqəti məhdudlaşdırılması haqqında təqdimatlara onların daxil olduğu vaxtdan 10 iş günü müddətində baxır.
Qeyd edək ki, artıq bu dəyişiklik, Milli Məclisdə birinci oxunuşdan keçib.