Azərbaycanda cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə çərçivəsində benefisiar mülkiyyətçilərlə bağlı mərkəzləşdirilmiş məlumat bazası yaradılacaq. Bu addım Azərbaycan Prezidentinin 2023-cü il 28 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizəyə dair 2023-2025-ci illər üzrə Milli Fəaliyyət Planı”na uyğun olaraq atılır.
FED.az xəbər verir ki, bu, Vergi Məcəlləsində, “Valyuta tənzimi haqqında”, “Kommersiya sirri haqqında”, “Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında”, “Banklar haqqında”, “Sığorta fəaliyyəti haqqında”, “Bank olmayan kredit təşkilatları haqqında”, “İnvestisiya fondları haqqında”, “Qiymətli kağızlar bazarı haqqında”, “Cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılmasına və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizə haqqında” və “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanun layihəsində öz əksini tapıb.
Şirkət statusu almaq istəyən qurumlara qarşı tələb sərtləşdirilir
Məsələ ilə bağlı hazırlanan qanun layihəsi beynəlxalq təcrübə və Maliyyə Tədbirləri üzrə İşçi Qrupunun (FATF) 24-cü və 25-ci tövsiyələrinə əsaslanır. FATF-ın bu tövsiyələri hüquqi şəxslərin və hüquqi təsisatların benefisiar mülkiyyətçilərinin müəyyən edilməsi, bu məlumatların ölkə səviyyəsində reyestrinin aparılması və müvafiq qurumlarla paylaşılmasını nəzərdə tutur.
Hazırda Azərbaycan qanunvericiliyində benefisiar mülkiyyətçilərlə bağlı məlumatların əldə olunması üçün yalnız bir mexanizm – öhdəlik daşıyan şəxslərin müvafiq məlumatları əldə etməsi tələbi mövcuddur. Lakin FATF-ın tələblərinə uyğun olaraq əlavə iki mexanizmin də qanunvericiliyə daxil edilməsi nəzərdə tutulur. Bunlar: - Hüquqi şəxslərin özlərinin benefisiar mülkiyyətçiləri barədə reyestr aparması; Hüquqi şəxslərin dövlət qeydiyyatı prosesində benefisiar mülkiyyətçilərin müəyyən edilərək reyestrin formalaşdırılmasıdır.
Qanun layihəsi çərçivəsində aşağıdakı əsas hüquqi mexanizmlərin yaradılması planlaşdırılır:
∙ Hüquqi şəxslərin dövlət qeydiyyatı zamanı təsisçilər tərəfindən benefisiar mülkiyyətçi barədə məlumatların aidiyyəti dövlət orqanına təqdim edilməsi;
∙ Maliyyə institutlarının lisenziyalaşdırılması mərhələsində təsisçinin xarici hüquqi təsisat olduğu hallarda bu məlumatların təqdim edilməsi;
∙ Toplanmış məlumatların benefisiar mülkiyyətçilərlə bağlı mərkəzləşdirilmiş məlumat bazasına daxil edilməsi;
∙ Reyestrə daxil edilmiş məlumatların həqiqiliyinin maliyyə monitorinqi orqanı tərəfindən yoxlanılması.
Qanun layihəsinin qəbul edilməsi ilə hüquqi şəxslərin benefisiar mülkiyyətçiləri barədə dürüst, dəqiq və yenilənmiş məlumatların əks olunduğu mərkəzləşdirilmiş məlumat bazası yaradılacaq. Bu isə cinayət yolu ilə əldə edilmiş əmlakın leqallaşdırılması və terrorçuluğun maliyyələşdirilməsinə qarşı mübarizənin effektivliyini artıracaq.