Nazirlər Kabinetinin İşlər İdarəsinin müdiri Hikmət Xəlilovdan külli miqdarda pul tələb olunub.
FED.az xəbər verir ki, Xələfov Vahid Əlisafa adlı şəxs Hikmət Xəlilovdan xüsusi külli miqdarda pul tələb etdiyi üçün barəsində Cinayət Məcəlləsinin 182.4-cü və 322-ci maddəsi ilə ittiham irəli sürülüb.
Vahid Xələfov barəsində cinayət işinin istintaqı başa çatdırılaraq baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Azad Məcidovun icraatına verilib.
İş üzrə zərərçəkən şəxs qismində tanınan Hikmət Xəlilov Nazirlər Kabinetinin İşlər İdarəsinin müdiridir. Cinayət işi üzrə tələb olunan pulun 1 milyon manatdan çox olduğu bildirilir.
Qeyd edək ki, V.Xələfov tikinti şirkətinin sahibidir. Tərəflər arasında xeyli vaxtdır tikinti məsələləri ilə bağlı münaqişəli vəziyyət davam edir və məhkəmə çəkişməsi gedir.
Daha əvvəl isə H.Xəlilovla V.Xələfov arasındakı məsələlərlə bağlı bütün məhkəmə instansiyaları, eləcə də Ali Məhkəmə H.Xəlilovun xeyrinə qərar çıxarıb.
Xatırladaq ki, Baş nazir Əli Əsədovun müvafiq sərəncamı ilə Hikmət Xəlilov 2019-cu ildə Nazirlər Kabineti Aparatının İşlər müdiri təyin olunub.