Azərbaycan Dövlət Neft Şirkəti 2023-cü ilin ilk 6 ayında öz borc və öhdəlik portfelini ciddi surətdə yüngülləşdirib.
FED.az xəbər verir ki, bu barədə SOCAR-ın 6 aylıq hesabatında bildirilir.
SOCAR yarım ildə 1,4 milyard manat - MƏNFƏƏT ƏLDƏ EDİB - HESABAT AÇIQLANDI
Hesabatdan məlum olur ki, şirkətin ticarət və sair kredit borcları ilin əvvəlindəki 11 milyard 508 milyon manatdan 10 milyon 102 milyon manata enib, başqa sözlə 1 milyard 406 milyon manat azalıb.
Eyni zamanda bu dövrdə şirkətin «orta müddətli borc öhdəlikləri və uzunmüddətli borc öhdəliklərinin cari hissəsi» bəndi də 2,2 milyard manat azalıb.
Belə ki, ilin əvvəlində SOCAR-ın bu maddə üzrə borcu 7 milyard 746 milyon manat olduğu halda, hazırda bu göstərici 5 milyard 527 milyon manata enib – 2 milyard 219 milyon manat azalma var.
Şirkət müqavilə öhdəliklərini də təqribən 800 milyon maat «əridərək» ilin əvvəlindəki 1,33 milyard manatdan 521 milyon manata endirib.
Nəhayət, SOCAR 2023-cü ilin ilk 6 aynda satış üçün saxlanılan aktivlərlə birbaşa əlaqəli olan öhdəliklərini 603 milyon manatdan tamamilə sıfırlayıb.
Başqa sözlə, ötən 6 ay ərzində SOCAR təkcə bu maddələr üzrə 5 milyard 43 milyon manat borcu bağlayıb.
Şirkətin uzunmüddətli öhdəlikləri arasında sair öhdəliklər isə təqribən 600 milyon manat azalıb. Nəticədə ödənilən borclar 5,6 milyard manata yüksəlib.