Gələn həftədən etibarən Türkiyədən Naxçıvana təbii qaz nəqli başlayır.
FED.az xəbər verir ki, bu barədə Türkiyənin Enerji və Təbii Sərvətlər naziri Alparslan Bayraktar bildirib.
Ölkəsinin qaz təsərrüfatı, təbii qazan idxal ixracındakı vəziyyəti açıqlayan nazir bildirib ki, Türkiyə Bolqarıstan və Yunançstandan sonra qaz ixracına yeni istiqamət – Naxçıvanı da əlavə edir.
Nazir bildirib ki, artıq bunun üçün nəzərdə tutulan İğdır-Naxçıvan boru xətti üzrə işlər yekunlaşb və Türkiyə Naxçıvana təbii qaz ixracına başlayır. Onun sözlərinə görə, bununla bağlı Türkiyə və Azərbayan prezidentlərinin iştirakı ilə tədbir keçiriləcək.
«Naxçıvana təbii qaz ixracına başlayırıq. İğdır-Naxçıvan kəməri tamamlanıb. İnşallah, prezidentimiz Rəcəb Tayyib Ərdoğan və Azərbaycan prezidenti İlham Əliyevin iştirakı ilə mərasim keçiriləcək».
Xatırladaq ki, sözügedən kəmərin tikintisi 2023-cü il sentyabrından başlanılıb.
Blokada şəraitində olan Naxçıvana Azərbaycandan birbaşa qaz nəqli mümkün deyil. İndiyədək Naxçıvanın qaz təminatı İran vasitəsilə – svop əməliyyatla həyata keçirilir. Paralel olaraq Türkiyədən də Naxçıvana qaz ixracını təmin etmək üçün İqdır-Naxçıvan qaz kəmərinin tikintisi qərara alınıb. Yeni qaz kəməri Naxçıvanın qaz təchizatını şaxələndirəcək və onun bir mənbədən asılılığını aradan qaldırmış olacaq.
Boru kəmərinin İğdırdan Sədərək rayonuna qədər uzunluğu 97,5 kilometr təşkil edir. Kəmərin Azərbaycan hissəsinin uzunluğu 17,5 kilometr, Türkiyə hissəsinin uzunluğu isə 80 kilometrdir. Boru kəməri gündə 2 milyon kubmetr, ildə isə 730 milyon kubmetr qaz ötürmək qabiliyyətinə malikdir ki, bununla da Naxçıvanın qaza tələbatı tamamilə ödəniləcək. Gələcəkdə boru kəmərinin ötürücülük qabiliyyətini iki dəfədən çox artırmaq mümkündür.
Sözügedən kəmərin tikintisinə hazırlıq işləri 2020-ci ildən başlanılmışdı. Belə ki, 2020-ci il dekabrın 15-də Ankarada Azərbaycan və Türkiyə arasında İğdır-Naxçıvan qaz boru kəmərinin tikintisinə dair anlaşma memorandumu imzalanıb.
Azərbaycan Prezidenti İlham Əliyevin 2022-ci il 10 fevral tarixli Sərəncamı ilə isə İğdır-Naxçıvan qaz boru kəmərinin tikintisi üçün dövlət büdcəsindən vəsait ayrılıb. Layihə bu il iyunun 5-də qəbul edilən “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın prioritet layihələri sırasında yer alıb.
2023-cü il sentyabrından başlanılıb. Sentyabrın 25-də Naxçıvanda Azərbaycan Prezidenti İlham Əliyev və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə təməlqoyma mərasimi olub.