ABŞ Prezidenti Donald Trampın Çinlə ticarəti məhdudlaşdırmaq və istehsalı yenidən ABŞ-a qaytarmaq məqsədilə tətbiq etdiyi yüksək idxal rüsumları gözlənilən nəticəni verməyib. Əksinə, tarif siyasətindəki son dəyişikliklər bəzi Amerika şirkətlərini yenidən Çin istehsalçıları ilə əməkdaşlığa sövq edir.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, ABŞ-ın Texas ştatında fəaliyyət göstərən fənər istehsalçısı «Alliance Consumer Group» buna nümunədir. Şirkət ötən il Çinə tətbiq olunan yüksək tariflər səbəbindən istehsalçısını Taylandda zavod açmağa təşviq etmişdi. Lakin hazırda Çin mallarına tətbiq olunan rüsumların Vyetnam və Tayland kimi Cənub-Şərqi Asiya ölkələri ilə eyni səviyyəyə enməsi şirkəti yenidən istehsalı Çinə qaytarmağa vadar edir.
Şirkətin əməliyyat direktoru Fil Laster «The New York Times» qəzetinə bildirib ki, artıq istehsalın bir hissəsi yenidən Çinə yönəldilib.
Tarif fərqi azaldıqca Çin yenidən cəlbedici olur
«Peterson Beynəlxalq İqtisadiyyat İnstitutu»nun (PIIE) iqtisadçısı Meri Lavlinin sözlərinə görə, bu, təkcə bir şirkətə aid hal deyil. ABŞ şirkətlərinin yenidən Çin tədarükçülərinə qayıtması ilə bağlı hələlik rəsmi statistik məlumat olmasa da, mövcud tarif siyasəti fonunda belə tendensiyanın formalaşması məntiqli görünür.
Onun fikrincə, Çinə tətbiq olunan rüsumlarla digər Asiya ölkələri arasındakı fərqin azalması Çin istehsalını yenidən rəqabətqabiliyyətli edib.
Hazırda Tramp administrasiyasının son qərarlarına əsasən Çin və Vyetnamdan idxal edilən məhsullara 12,5%, Kamboca, İndoneziya və Malayziyadan gətirilən mallara isə 10% tarif tətbiq olunur. Halbuki ötən ilin aprelində Çinə tətbiq olunan rüsumlar bəzi məhsullar üzrə 145%-ə qədər yüksəlmişdi.
İstehsal ABŞ-a qayıtmır
İqtisadçılar hesab edirlər ki, tariflər ABŞ-da istehsalın canlanmasına ciddi təsir göstərməyib. Əksinə, ötən ilin aprel-noyabr aylarında ölkədə təxminən 59 min istehsal sahəsi üzrə iş yeri ixtisar olunub.
Meri Lavli bildirir ki, Trampın əsas məqsədi olan istehsalın ABŞ-a qaytarılması hələlik reallığa çevrilməyib.
Onun sözlərinə görə, Çin məhsullarının ABŞ idxalındakı payı 2018-ci ildəki 18%-dən hazırda təxminən 11%-ə düşsə də, ABŞ-a idxal olunan məhsullarda Çin mənşəli əlavə dəyərin payı təxminən 15% səviyyəsində qalır. Bu isə göstərir ki, bir çox məhsullar üçün istehsal başqa ölkələrə köçürülsə belə, onların əsas komponentləri yenə də Çində istehsal olunur.
Məsələn, şirkətlər tariflərdən yayınmaq üçün Hindistanda istehsal təşkil etsələr də, həmin zavodlarda istifadə olunan hissələrin böyük hissəsi yenə Çindən alınır.
ABŞ-ın Çindən ayrılması çox baha başa gələ bilər
Ekspertlər hesab edirlər ki, ABŞ iqtisadiyyatının Çindən tam asılılığını aradan qaldırmaq həm maliyyə, həm də logistika baxımından son dərəcə çətindir.
«EY-Parthenon» konsaltinq şirkətinin hesablamalarına görə, ABŞ-ın əsas məhsullar üzrə Çin asılılığını aradan qaldırması üçün qarşıdakı 25 il ərzində təxminən 13,7 trilyon dollar investisiya tələb olunur. Bu vəsait yeni istehsal müəssisələrinin qurulması, infrastrukturun inkişafı, elmi-tədqiqat işləri, nəqliyyat şəbəkələrinin genişləndirilməsi və işçi qüvvəsinin hazırlanmasına yönəldilməlidir.
Mütəxəssislər bildirirlər ki, ABŞ son illər nadir torpaq elementlərinin emalını ölkə daxilində artırmaq və bəzi strateji sahələrdə xarici asılılığı azaltmaq istiqamətində addımlar atsa da, sənaye məhsulları və bir çox istehlak malları üzrə Çin hələ uzun müddət əsas tədarükçü olaraq qalacaq.
İqtisadçı Meri Lavlinin fikrincə, tariflər sənaye siyasətinin bir hissəsi ola bilər, lakin təkbaşına istehsalı ABŞ-a qaytarmaq üçün kifayət etmir. Onun sözlərinə görə, bunun üçün tariflərlə yanaşı dövlət subsidiyaları, investisiya proqramları və uzunmüddətli sənaye strategiyası da tələb olunur.












