ABŞ-ın ən böyük private-equity şirkətlərindən olan «KKR» şirkəti yaşayış evlərinə xidmət göstərən «A1 Garage Door Service» şirkətini təxminən 2 milyard dollara almağa razılaşıb.
FED.az xəbər verir ki, «Reuters»in məlumatına görə, bu, ABŞ-da home-services sektorunda son böyük private-equity sövdələşmələrindən biridir.
«A1 Garage Door» şirkəti yaşayış evlərində qaraj qapılarının quraşdırılması, təmiri və dəyişdirilməsi ilə məşğuldur.
2007-ci ildə Arizonada yaradılan şirkət hazırda ABŞ-ın təxminən 20 ştatında fəaliyyət göstərir və sektorun ən böyük operatorlarından birinə çevrilib.
Xatırladaq ki, private equity (PE) - şirkətləri alıb, böyüdüb və sonra daha baha satmaqla qazanc əldə edən investisiya biznesidir. Adətən private-equity fondları investorların pullarını toplayır, bir şirkətin nəzarət paketini və ya böyük payını alır, sonra həmin şirkətin idarəetməsini, xərclərini, satışlarını və strategiyasını dəyişdirərək dəyərini artırmağa çalışırlar. Bir neçə ildən sonra şirkəti ya başqa investora satır, ya da IPO-ya çıxararaq investisiyadan çıxırlar.
«KKR»nin «A1 Garage Door Service» şirkətinə 2 milyard dollar ödəməsi private-equity sektorunda yeni tendensiyanı göstərir: yəni, yatırım fondları, proqram təminatı və startaplarla yanaşı, santexnika, HVAC, təmir, qaraj qapısı və digər “darıxdırıcı”, lakin stabil gəlir gətirən xidmət bizneslərini aktiv şəkildə alırlar.
Səbəb bu şirkətlərin pul axınının kifayət qədər proqnozlaşdırılan olmasıdır. Ev sahibinin qapısı, kondisioneri və ya santexnika sistemi sıradan çıxanda xidməti iqtisadi vəziyyətdən asılı olmayaraq almağa məcbur olur.
Üstəlik, ABŞ-da bu bazar minlərlə kiçik regional operator arasında parçalanıb. Private-equity fondu böyük bir platforma alaraq daha kiçik şirkətləri ona birləşdirə və vahid brend altında miqyas yarada bilir.
KKR artıq Neighborly və Groundworks kimi home-services bizneslərinə də sərmayə qoyub. Bu ilin əvvəlində Oak Hill Capital da Guild Garage Group-u 800 milyon dollardan artıq qiymətə almışdı.













