Xəbər verildiyi kimi, Azərbaycanın bank sektorunun lideri, ölkənin ən böyük bankı olan ABB Bank Özbəkistanın Davr bankının əsas səhmdarı olacaq.
Azərbaycan və Özbəkistan prezidentlərinin iştirakı ilə - “ABB Davr” Bank layihəsinin AÇILIŞI OLDU!
FED.az xatırladır ki, avqustun 23-də Azərbaycan prezidentinin Özbəkistana səfəri zamanı, iki ölkə prezidentinin iştirakı ilə ABB Davr layihəsinə rəsmi start verilib.
ABB Bankın idarə heyətinin sədri Abbas İbrahimov mətbuata müsahibəsində bildirib ki, Azərbaycan bankı artıq qarşıdakı 7-10 gün ərzində Özbəkistan bankının əsas səhmdarı olacaq. Növbəti ay isə yeni ABB Davr brendi fəaliyyətə başlayacaq.
«Layihənin rəsmi startından əvvəl tələb edilən bütün rəsmi icazələr alınıb və səhmlərin alqı-satqı müqaviləsi artıq imzalanıb. Növbəti mərhələdə qanunvericiliyə və müqavilədə nəzərdə tutulmuş prosedurlara uyğun olaraq səhmlərin hüquqi transferi və səhmdarlar reyestrində müvafiq dəyişikliklərin edilməsi nəzərdə tutulur. Bu proses tamamlandıqdan sonra ABB Davr Bankın əsas səhmdarı olacaq. Bu prosesin də qarşıdakı 7-10 gün ərzində yekunlaşmasını gözləyirik.
ABB Davr brendi altında fəaliyyət isə bankın adının dəyişdirilməsi ilə bağlı rəsmi prosedurlar tamamlandıqdan dərhal sonra başlanacaq. Düşünürəm ki, təxminən oktyabrda artıq ABB Davr brendini görəcəyik.
ABB sədri brend dəyişikliyinin necə baş verəcəyini də açıqlayıb:
«İlk növbədə, korporativ kommunikasiya və rəqəmsal kanallardan başlayacağıq. Filiallar, ATM-lər, kartlar və digər fiziki müştəri təmas nöqtələrinin ABB Davr brendinə keçidi isə mərhələli şəkildə aparılacaq. Bu, bizim keçid planımızda da mərhələli proses kimi nəzərdə tutulub. Çünki əsas məsələ sadəcə adı və lövhəni dəyişmək yox, ABB brendinin arxasında dayanan xidmət keyfiyyətini, texnologiyanı, innovasiyaları və institusional təcrübəni də Özbəkistana gətirməkdir».













