ABŞ Prezidenti Donald Tramp Qrenlandiyada genişmiqyaslı neft, təbii qaz və faydalı qazıntıların kəşfiyyatına başlanılacağını açıqlayıb. Trampın sözlərinə görə, adada dünyanın ən böyük və hasilatı nisbətən asan olan neft ehtiyatlarından birinin mövcud olması ehtimal edilir.
Tramp Qrenlandiya məsələsində ona qarşı olan Avropa ölkələrinə - 10% RÜSUM TƏTBİQ EDİB
FED.az xəbər verir ki, Donald Tramp bu barədə 14 oktyabr 2026-cı il tarixində “Truth Social” sosial şəbəkəsində paylaşım edib.
“Bizim yeni və gözəl Qrenlandiyamızda nəhəng neft, qaz və mineral ehtiyatlarının kəşfiyyatına başlanılmasına hazırlıq görülür”, – deyə ABŞ Prezidenti bildirib.
Tramp qeyd edib ki, bəzi ekspertlərin qiymətləndirmələrinə əsasən, Qrenlandiyada asanlıqla əldə edilə bilən neft ehtiyatlarının həcmi dünyanın əksər ərazilərindəkindən xeyli çox ola bilər.
Bununla belə, ABŞ Prezidenti ehtiyatların təxmini həcmi, kəşfiyyat layihələrinin maliyyələşdirilməsi, iştirakçı şirkətlər və işlərin başlanma tarixi barədə konkret məlumat açıqlamayıb.
“ABŞ-a qarşı istənilən hücum Qrenlandiya üzərindən keçməli olacaq”
Tramp Qrenlandiyanın yalnız zəngin təbii ehtiyatlarına görə deyil, həm də ABŞ və Avropanın müdafiəsi baxımından müstəsna strateji əhəmiyyət daşıdığını vurğulayıb.
ABŞ Prezidentinin sözlərinə görə, adanın coğrafi mövqeyi gələcəkdə mümkün hərbi hücumların erkən aşkarlanması və qarşısının alınması üçün mühüm üstünlüklər yaradır.
“ABŞ-a qarşı gələcəkdə istənilən hücum Qrenlandiya üzərindən keçməli olacaq. Müdafiə sistemlərimiz burada pilotsuz uçuş aparatlarını, raketləri və hətta hələ yaradılmamış digər silah növlərini müntəzəm olaraq zərərsizləşdirəcək”, – deyə Tramp bildirib.
O əlavə edib ki, Qrenlandiyanın yerləşdiyi ərazi ABŞ-a təhlükələrin aşkar edilməsi üçün əlavə vaxt, əlverişli coğrafi mövqe və geniş müşahidə imkanları verir.
Trampın fikrincə, bu üstünlüklərin birləşməsi Qrenlandiyanı ABŞ və Avropanın təhlükəsizliyi üçün əvəzsiz strateji əraziyə çevirir.
ABŞ Qrenlandiyada hərbi mövcudluğunu genişləndirir
Qeyd edək ki, 2026-cı ilin sentyabrında ABŞ, Danimarka və Qrenlandiya arasında adadakı hərbi əməkdaşlığın genişləndirilməsinə dair razılaşma əldə olunub.
Razılaşma ABŞ-ın Qrenlandiyada iki yeni hərbi baza yaratmasına və Trampın təşəbbüsü olan “Qızıl Günbəz” raketdən müdafiə sisteminin yerləşdirilməsinə yol açır.
Eyni zamanda, sənəddə Danimarkanın suverenliyi və Qrenlandiya əhalisinin öz müqəddəratını təyin etmək hüququ təsdiqlənib. Qrenlandiya Danimarka Krallığının tərkibində özünüidarəetmə hüququna malik ərazi olaraq qalır.
Qrenlandiya hökuməti 2021-ci ildə ekoloji və iqlim amillərini əsas gətirərək yeni neft və qaz kəşfiyyatı lisenziyalarının verilməsini dayandırıb. Buna görə Trampın elan etdiyi planların hansı hüquqi mexanizmlər çərçivəsində həyata keçiriləcəyi hələlik məlum deyil.













