“Standard & Poor’s” (“S&P”) beynəlxalq reytinq agenliyi Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) kredit reytinqini (ICR) yenidən “BB-“ səviyyəsində müəyyən edib.
Eləcə də bax: Mikayıl Cabbarovdan SOCAR-la bağlı - AÇIQLAMA
FED.az xəbər verir ki, bu barədə agentliyə istinadən məlumat verilir.
Qurum reytinq üzrə proqnozu “Mənfi”dən “Sabit”ə yüksəldib.
Xatırladaq ki, “S&P” bir qədər əvvəl Azərbaycanın da reytinqinə yenidən baxıb. Agentliyin SOCAR-la bağlı atdığı bu addım isə şirkətin ölkə iqtisadiyyatında mühüm rolunu, həmçinin dayanıqlı maliyyə və xarici mövqelərini bir daha təsdiq edir.
“S&P”nin açıqlamasına görə, SOCAR-ın maliyyə fəaliyyətində dövlətin payı və rolu nə qədər böyük olsa da, ölkə reytinqlərilə şirkətin reytinqləri arasında fərqləndirmə aparılır.
“SOCAR-ın borclarının cəmi 10%-i dövlət zəmanəti altındadır”, – deyə açıqlamada qeyd olunub.
Agentliyin ekspertləri ötən ilin avqust ayında SOCAR da daxil olmaqla dövlət şirkətlərini idarə etmək məqsədi ilə yaradılmış Azərbaycan İnvestisiya Fonduna da nəzər salıb və bildirib ki, bu qurumun fəaliyyət istiqamətləri, ona veriləcək aktivlər hələ ki, məlum olmadığı üçün holdinqin SOCAR-ın fəaliyyətinə necə təsir edəcəyini demək hələ ki, tezdir.
“Dünya neft-qaz bazarında yüksək dəyişkənliyin bundan sonra da davam edəcəyi nəzərə alınsa, SOCAR qlobal dəyişikliklər üçün daha həssas olaraq qalır. Şirkətin kredit keyfiyyəti reytinqi də “B-“ səviyyəsində saxlanılıb. Onun likvidliyinin bundan sonra da tənzimlənəcəyi gözlənilir.
Bu yaxınlarda TAP kəmərinin işə salınması nəticəsində artımı məhdud çərçivədə gözləyirik, çünki SOCAR həmin dəyər zəncirində kiçik səhmdarlardandır. Çox güman ki, artım tədricən baş verəcək, mənfəətin əksər hissəsi də dövlət büdcəsinə gedəcək”, – deyə hesabatda bildirilir.
Sənəd müəlliflərinin qənaətincə, 2020-2022-ci illərdə SOCAR-ın əməliyyat fəaliyyətinə çəkilən xərclərin borcuna nisbəti 9-12% olacaq. (Report)