SOCAR Türkiyənin TRAO şirkəti ilə birgə Batman vilayətində (Cənub-Şərqi Anadolu) neft yataqlarının axtarışı ilə məşğul olacaq.
Eləcə də bax: SOCAR-ın Türkiyədəki NEZ-i neft idxalını - ARTIRIB
FED.az xəbər verir ki, “Batman vilayətinin valisi Əkrəm Canalp SOCAR və TRAO rəsmiləri Zəkiulla Kərimov və Həmzə Oğuzhanla görüş keçirib. Vali şirkətlər tərəfindən bölgədə həyata keçiriləcək neft ehtiyatlarının kəşfiyyatı işləri barədə məlumatlandırılıb”, - deyə Türkiyə mətbuatı bildirir.
Məlumata görə, görüş zamanı Kərimli bildirib ki, şirkətlər 2022-ci ilin mart ayında İstanbulda keçirilən neft sammitində Azərbaycanla Türkiyə arasında imzalanmış saziş çərçivəsində Batmanda çox mühüm qazma işləri həyata keçirmək niyyətindədir.
“Bölgədə aparacağımız qazma işləri zamanı neft aşkar etsək, şad olarıq. Neft ehtiyatlarının kəşfiyyatı ilə bağlı birgə fəaliyyətimiz ölkələrimiz arasında əməkdaşlığı daha da dərinləşdirəcək”, - deyə o vurğulayıb.
Xəbər verildiyi kimi, Türkiyə Prezidenti Rəcəb Tayyip Ərdoğan 2021-ci il iyunun 15-də Şuşaya rəsmi səfəri zamanı bəyan etmişdi ki, zəngin bilik və təcrübəyə malik olan Azərbaycan və Türkiyə qazma işləri sahəsində birgə addımlar ata bilər. Onun sözlərinə görə, bu məsələni Prezident İlham Əliyevlə müzakirə edib və Azərbaycan lideri bu istiqamətdə işləməyə hazır olduğunu bildirib. (İnterfaks-Azırbaycan)