Türkiyə Respublikası ilə Azərbaycan Respublikası arasında imzalanmış müvafiq razılaşmaya uyğun olaraq, Türkiyənin TPAO şirkəti adından neft axtarışı məqsədilə qazma işləri aparmaq üçün SOCAR-ın Kompleks Qazma İşlər Trestinin nümayəndəsi Zəkulla Kərimov Batman şəhərinə gəlib, ilkin araşdırmalar edib və şəhərin qubernatoru Əkrəm Canalp ilə görüşüb.
Eləcə də bax: SOCAR-ın Türkiyədəki NEZ-i neft idxalını - ARTIRIB
FED.az xəbər verir ki, Batman qubernatorluğunda SOCAR rəsmiləri ilə bir müddət söhbət edən vali Əkrəm Canalp şirkət rəsmilərindən həyata keçirəcəkləri neft kəşfiyyatı fəaliyyətləri ilə bağlı məlumat alıb.
Qeyd olunur ki, Zəkulla Kərimov mart ayında İstanbulda keçirilən Neft Ehtiyatları Zirvə toplantısında Azərbaycan və Türkiyə arasında imzalanan müqavilə çərçivəsində Batmanda ən mühüm qazma işlərini həyata keçirməyi planlaşdırdıqlarını ifadə edib.
“Bölgədə edəcəyimiz qazma zamanı neft aşkar etsək, çox şad olarıq”, - Zəkulla Kərimov qeyd edib. (Apa)