Türkiyənin Əliağa yarımadasında SOCAR tərəfindən inşa edilən "Star Rafineri" neft emalı zavodu (NEZ) bu il Rusiyanın "Urals" markalı neftinin alışını kəskin azaldıb və hazırda daha yaxşı təkliflər üçün axtarışdadır.
FED.az xəbər verir ki, treyderlər NEZ-in tədricən İraq və Norveçdən olan neft sortlarına üstünlük verdiyini bildirib. "Urals"ın satışlarının azalmasının səbəbləri kimi, bazarda yüksək rəqabətlə üzləşməsinin və "OPEC+" sazişi çərçivəsində neft hasilatının azalması göstərilir.
Treyderlərin məlumatına görə, sözügedən markalı neftin qiymətinin bu yay maksimuma çatması bir çox NEZ-lərin "Urals"ın alışını azaltması ilə nəticələnib. Bundan əlavə, "Star Rafineri" tərəfindən "Urals" neftinin alışının azaldılması Rusiyanın qərb limanlarından dəniz nəqliyyatı ilə neft ixracatında kəskin azalmasından sonra baş verib.
"Reuters"in "Refinitiv Eikon" iqtisadi məlumatlar və analiz platforması qeyd edir ki, gündəlik təxminən 210 min barel emaletmə qabiliyyətinə malik olan "Star Rafineri" avqust və ya sentyabr aylarında "Urals" markalı neft idxal etməyib. 2019-cu ildə 6,1 mln. ton "Urals" nefti idxal edən NEZ bu il alış həcmini 1,2 mln. tonadək endirib. (Apa)