2017-ci ildə SOCAR-ın prezidenti və 12 vitse-prezidenti, ümumilikdə 1 milyon 153 min manat məbləğində kompensasiya alıb.
SOCAR-ın 2017-ci il üzrə konsolidə olunmuş maliyyə hesabatında bildirilir ki, 2016-cı ildə bu rəqəm 717 min manat təşkil edib. Beləliklə, il ərzində SOCAR rəhbərliyinə verilən kompensasiyanın məbləği 60,8% və ya 436 min manat artıb.
Sənədə əsasən, şirkətin prezidenti və 12 vitse-prezidenti SOCAR-ın digər törəmələrinin Direktorlar Şurasında təmsil olunduqlarına görə kompensasiya alırlar.
Qeyd edək ki, SOCAR-ın prezidenti Rövnəq Abdullayevdir. Xoşbəxt Yusifzadə şirkətin birinci vitse-prezidentidir. Şirkətin prezidenti və vitse-prezidentləri ölkə başçısı İlham Əliyev tərəfindən təyin olunur. Rəhbərlikdə təmsil olunan şəxslər həm maaş, həm də premiyalar alır. Bundan başqa, şirkətin müəyyən strukturlarında Direktorlar Şurasının üzvü kimi onlara kompensasiya ödənilir.