SOCAR (Azərbaycan Dövlət Neft Şirkəti, ARDNŞ) Rumıniyanın “Romgaz” şirkəti ilə birgə Qara dənizdə qazın kəşfiyyatı və hasilatında maraqlıdır. Bu barədə “Romgaz”ın məlumatında deyilir.
Rumıniya şirkətinin baş direktoru Adrian Volintiru Bakıda SOCAR nümayəndələri ilə əməkdaşlığın perspektivlərini müzakirə edib.
Eləcə də bax: SOCAR-ın Karbamid zavodu mart ayından tam gücündə işləyəcək
"Görüşdə qarşılıqlı maraq doğuran layihələr müzakirə olunub. SOCAR nümayəndələri neft şirkətinin “Romgaz” ilə birgə Qara dənizdə qazın kəşfiyyatı və hasilatında maraqlı olduğunu bildiriblər. “Romgaz” şirkəti Azərbaycanda quruda və Xəzər dənizinin şelfində qaz hasilatı ilə bağlı layihələrdə SOCAR-la əməkdaşlıq etmək niyyətində olduğunu bildirib", - deyə məlumatda vurğulanır.
Bundan başqa, SOCAR nümayəndələri hər iki şirkətin Trans-Anadolu qaz kəməri (TANAP) və Trans-Adriatik qaz kəməri (TAP) layihələri çərçivəsində əməkdaşlıq etməsinin mümkünlüyünü diqqətə çatdırıblar.
"Hər iki şirkət mümkün əməkdaşlığa dair danışıqları davam etdirəcək. Biz, həmçinin qazın saxlanması sahəsində təcrübə mübadiləsi imkanlarını da müəyyənləşdirdik. SOCAR və “Romgaz” 3 mlrd. kubmetr həcmində qazın saxlanması üçün güclərə malikdir və bu fəaliyyəti inkişaf etdirmək niyyətindədir", - deyə baş direktor əlavə edib.
Görüşün yekunları üzrə A.Volintiru bəyan edib ki, SOCAR-ın “Romgaz” ilə birgə iri layihələrdə iştirakı Rumıniya şirkətinin beynəlxalq bazarlara ekspansiyasına yol açacaq.
Hazırda SOCAR Rumıniyada neft məhsullarının pərakəndə ticarəti ilə məşğul olur. Rumıniyanın 19 regionunda SOCAR brendi altında 41 yanacaqdoldurma məntəqəsi fəaliyyət göstərir.
SOCAR 2011-2017-ci illərdə Rumıniya büdcəsinə $86,4 mln. məbləğində vergi ödəyib.