Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) Özbəkistanın "Qaraqalpaq" investisiya blokunda birgə geoloji kəşfiyyat işlərinin aparılması imkanlarını araşdırır.
FED.az xəbər verir ki, bu barədə iqtisadiyyat naziri Mikayıl Cabbarov Bakıda keçirilən lll Azərbaycan-Özbəkistan regionlararası forumunda deyib.
Nazirin sözlərinə görə, Özbəkistanla ikitərəfli əməkdaşlığın perspektivli istiqamətlərindən biri də enerji sektorudur. O, yaxın zamanda "Qaraqalpaq" bloku üzrə genişmiqyaslı işlərin başlanacağına ümid etdiyini vurğulayıb.
Xatırladaq ki, 2019-cu ilin yanvar ayında SOCAR və BP şirkətləri Özbəkistanın Üstürt regionunda yerləşən üç investisiya blokunda geoloji kəşfiyyat işlərinə başlamaq niyyətlərini ifadə ediblər.
Bu məsələ “Özbəkneftqaz” şirkətinin İdarə Heyəti sədrinin müavini Uluqbek Sayidov tərəfindən SOCAR-ın vitse-prezidenti Babək Hüseynov və BP-nin neft sistemləri üzrə baş mütəxəssisi A. Cavadovla müzakirə olunub. Bildirilib ki, SOCAR və BP ilə tərəfdaşlıq Özbəkistanın neft-qaz sənayesi üçün prioritet hesab olunur. Bu çərçivədə xarici şirkətlərin nümayəndələrinə Üstürt regionunda yerləşən "Aralomor", "Samsko-Kosbulak" və "Bayterek" investisiya bloklarında birgə geoloji tədqiqat aparmaq imkanlarını öyrənmək təklif edilib. (Report)