Azərbaycanın Dövlət Neft Şirkəti (SOCAR) korporativ məlumatları vahid mənbədə birləşdirən və onların biznes və mühəndislər tərəfindən təhlilini asanlaşdıran öz data-platformasını təqdim edib.
SOCAR bütün yataqları rəqəmsal idarəetmə modelinə keçirir
FED.az xəbər verir ki, bu barədə SOCAR-ın məlumatlar şöbəsinin rəhbəri Ülvi Zamanbayev Bakıda keçirilən "SPE Xəzər Texniki Konfransı-2025"də bildirib.
Onun sözlərinə görə, neft-qaz sənayesi süni intellektin tətbiqi məsələlərində kifayət qədər konservativ qalır:
"Səbəb - səhvlərin və onlarla bağlı risklərin yüksək dəyəridir. Riskin dəyəri çox yüksəkdir. Buna görə də biz maksimum etibarlı və sabit olmalıyıq. Biznesi, operatorları, mühəndisləri süni intellekt alətlərindən istifadə etməyə razı salmaq üçün biz onlarla eyni dildə danışmalıyıq. Qarışıq komandalar formalaşdırırıq - biznes tapşırıqlarını daha yaxşı başa düşən və proseslərə inteqrasiya olunan mühəndislər və profil mütəxəssisləri. Biz, həmçinin biznes istifadəçilərinə məlumatlarla sərbəst işləməyə imkan verən məhsullar yaradırıq: kodsuz alətlər, "drag-and-drop-interfeyslər". Bunlar eksperiment aparmağa və özlərini həllərin sahibi kimi hiss etmələrinə imkan verir".
Ü.Zamanbayev əlavə edib ki, sənaye daimi innovasiyalar və eksperimentlər tələb edir:
"Bir çox sahələrdən fərqli olaraq, neft-qaz sahəsi daha çox tədqiqat, məlumatların fizika və sahə bilikləri ilə inteqrasiyasına ehtiyac duyur. Bizim avtomatlaşdırma qurmağımız zəruridir. Əlbəttə, əsas çağırış - məlumatlardır. Əgər məlumatların keyfiyyəti aşağıdırsa, nəticə də eyni olacaq. Buna görə də çox vaxt lazımi şəkildə qiymətləndirilməyən "data governance"i tətbiq etmək vacibdir. Onun dəyərini göstərmək üçün biz hansı məlumatların ən böyük faydanı gətirə biləcəyini müəyyən edirik və məhz orada məlumatların idarə edilməsini tətbiq edirik. SOCAR-da biz beynəlxalq tələblərə uyğun data-platforma yaratdıq: o, məlumatları vahid mənbədə birləşdirir və onların tədqiqi üçün rahat alətlər təqdim edir". (Report)









