SOCAR Aşdodda (İsrail) satışa çıxarılmış “Paz” neft emalı zavodunu (NEZ) almağı planlaşdırmır.
FED.az xəbər verir ki, bu barədə SOCAR-ın İctimaiyyətlə əlaqələr və tədbirlərin təşkili idarəsinin rəis müavini İbrahim Əhmədov məlumat verib.
Eləcə də bax: "Hökumət SOCAR-a nəzarəti həmişə əlində saxlamaqda maraqlı olacaq"
"Belə bir təklif bizə daxil olub, lakin SOCAR hazırda bu layihəyə investisiyanı nəzərdən keçirmir”, - deyə o biıldirib.
Daha əvvəl İsrailin "Calcalist" qəzetində NEZ-in alınması üçün SOCAR-a yerli tərəfdaşın tələb olması səbəbindən Azərbaycan nümayəndələrinin bir neçə İsrail şirkəti ilə danışıqların aparıldığı qeyd olunmuşdu. Tərəfdaş qismində İsrailin "Şafir Andasa" və "Aspen" şirkətləri qeyd olunur.
"SOCAR İsrailə neftin əsas tədarükçüsüdür. Şirkət Aşdoddakı “Paz” və Hayfadakı “Bazan” NEZ-ə neft tədarük edir. Buna görə də bu neft emalı zavoduna tərəfdaş kimi malik olmaq onun üçün təchizat zəncirində maraqlı sövdələşmə ola bilər", - deyə nəşr vurğulayıb.
Dövlət zavodun səhmlərinin 100%-ni investora satmağı planlaşdırır.
Açıq mənbələrdən verilən məlumata görə, "Paz" neft emalı zavodu ildə 4,2 milyon ton neft emal edir. Onun məhsullarının 70%-i daxili bazara, 30%-i ixraca yönəldirilir. Müəssisənin təxmini dəyəri ən azı $180 milyondur. (İnterfaks-Azərbaycan)