Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) prezidenti Rövnəq Abdullayev “Wood Group” şirkətlər qrupuna daxil olan “Amec Foster Wheeler Italiana” şirkətinin prezidenti və icraçı direktoru Giuseppe Zuccaronun rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb.
Eləcə də bax: Rövnəq Abdullayev: Neft Emalı Zavodunda işlər - ARTIQ XƏRC OLMADAN BİTMƏLİDİR
FED.az xəbər verir ki, görüşdə Heydər Əliyev adına Neft Emalı Zavodunda görülən modernizasiya işlərinin gedişi müzakirə olunub, layihənin vaxtında tamamlanması üçün aparılan struktur optimallaşdırılması və layihənin idarə edilməsi üzrə podratçı “Wood Group” şirkətlər qrupuna daxil olan “Amec Foster Wheeler Italiana” şirkəti ilə əməkdaşlıqdan, həmin şirkət ilə SOCAR-ın birgə müəssisəsi olan “SOCAR Foster Wheeler”in uğurlu fəaliyyətindən və yeni yaradılmış “SOCAR Daunstrim” şirkətinin layihədəki rolundan söhbət açılıb.
“Amec Foster Wheeler Italiana” şirkətinin prezidenti və icraçı direktoru Giuseppe Zuccaro bildirib ki, təmsil etdiyi şirkət artıq 10 ildən artıqdır, SOCAR-la əməkdaşlıq edir. Hazırda “Wood Group”a daxil olan şirkətlərdə 60 mindən çox əməkdaş çalışır ki, onlardan da 9 min nəfəri neft emalı və neft-kimya sənayesi sahələrində fəaliyyət göstərir. SOCAR və “Wood Group” arasında Türkiyədə STAR layihəsindən başlanmış əməkdaşlıq hazırda Heydər Əliyev adına NEZ-in moderinizasiyası prosesində davam etdirilir. Giuseppe Zuccaro bu əməkdaşlığın uğurlu olduğuna və layihənin müvəffəqiyyətlə başa çatdırılacağına əminliyini ifadə edib. Görüşdə həmçinin “SOCAR Foster Wheeler” birgə müəssisəsinin fəaliyyəti barədə fikir mübadiləsi aparılıb, müəssisənin nəinki Azərbaycanda, eləcə də bölgədə yüksək səviyyədə mühəndislik xidmətləri təklif edən azsaylı şirkətlərdən olduğu qeyd edilib. Bildirilib ki, bu şirkətdə çalışan mütəxəssislərin əksəriyyəti azərbaycanlı mühəndislərdir və onlar xarici həmkarları ilə birlikdə yüksək nəticələr əldə edirlər. Onların müasir səviyyəli mütəxəssis kimi formalaşması üçün SOCAR tərəfindən hər cür şərait yaradılıb. “SOCAR Foster Wheeler” birgə müəssisəsinin mütəxəssisləri detallı mühəndislik kimi ən mürəkkəb xidmətləri yerinə yetirirlər.
SOCAR-ın prezidenti Rövnəq Abdullayev qeyd edib ki, Heydər Əliyev adına Neft Emalı Zavodunda aparılan modernizasiya işləri Azərbaycan dövlətinin nəzarəti altındadır və ölkə üçün mühüm əhəmiyyət kəsb edən layihələrdəndir. Bu layihənin müəyyən edilmiş xərclər daxilində, yüksək keyfiyyətlə və qısa zamanda yekunlaşdırılaraq təhvil verilməsi podratçı şirkətin əsas vəzifəsidir.
Xatırladaq ki, SOCAR və “Foster Wheeler“ şirkətləri tərəfindən 2012-ci ildə birgə müəssisə kimi yaradılmış “SOCAR-Foster Wheeler Mühəndislik” MMC neft emalı, neft-kimya və ətraf mühitin qorunması layihələrində mühəndislik, satınalma, tikintiyə nəzarət və layihənin idarəedilməsi ilə bağlı xidmətlər göstərir.
Report