SOCAR şirkəti (ARDNŞ) Bakı-Novorossiysk neft kəmərində davam edən təmir işləri ilə əlaqədar bu kəmər ilə hələlik neft ixracını bərpa etməyi planlaşdırmır.
FED.az xəbər verir ki, bu barədə “İnterfaks-Azərbaycan” agentliyinə SOCAR-ın ictimaiyyətlə əlaqələr üzrə rəsmi nümayəndəsi İbrahim Əhmədov məlumat verib.
“Bakı-Novorossiysk neft kəmərində təmir işləri hələlik davam edir. Bununla əlaqədar, bu neft kəmər ilə Azərbaycan neftinin ixracı hələ ki, bərpa olunmayıb”, - İ.Əhmədov qeyd edib.
Eyni zamanda, o, təmir işlərinin başa çatması ilə bağlı mümkün müddət barədə məlumat verməyib.
Öncə İ.Əhmədov bildirib ki, 2019-cu ilin mart ayında SOCAR Bakı-Novorossiysk boru kəmərində qrafikə uyğun təmir işləri ilə əlaqədar neft ixracını dayandırıb. Müfəttiş və təmir işləri dövründə SOCAR-ın neft həcmləri Ceyhana yönəldiləcək.
Rusiya Energetika Nazirliyinin Yanacaq-Energetika Kompleksinin Mərkəzi Dispetçer İdarəsi məlumat verib ki, cari ilin yanvar-aprel aylarında “Transneft” şirkətinin sistemi üzrə Azərbaycandan Novorossiysk limanına 249,71 min ton, o cümlədən apreldə 173 ton neft nəql olunub SOCAR-ın Marketinq və İqtisadi Əməliyyatlar İdarəsinin rəisi Adnan Əhmədzadəyə istinadən verilən məlumata görə, Azərbaycan 2019-cu ildə Bakı-Novorossiysk kəməri ilə 1,5 milyon tona qədər neft nəql edəcək.
Azərbaycan 1997-ci ildən öz neftini Bakı-Novorossiysk kəməri ilə nəql edir.