Azərbaycan Dövlət Neft Şirkəti – SOCAR üçün yeni böyük neft-qaz bazarında işləmək imkanı yaranıb.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, Əlcəzair Prezidenti Əbdülməcid Tebbun “Azərbaycan Respublikası Hökuməti ilə Əlcəzair Xalq Demokratik Respublikası Hökuməti arasında neft və qaz sahəsində əməkdaşlıq haqqında Anlaşma Memorandumu”nu təsdiqləyib.
Yeni sənəd Azərbaycanla Əlcəzair arasında karbohidrogenlər sektoru, o cümlədən neft, qaz, neft-kimya sənayesi və «yaşıl» enerji layihələri üzrə əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur.
2022-ci il noyabrın 29-da imzalanmış memorandum iki ölkə arasında karbohidrogenlər sektoru, o cümlədən neft, qaz, neft-kimya sənayesi və yeni yaranan yaşıl enerji layihələri üzrə əməkdaşlığın genişləndirilməsini nəzərdə tutur.
Sənəd neft-qaz sahəsində hüquqi və tənzimləyici siyasətlərin əlaqələndirilməsi, quruda və dənizdə neft-qaz kəşfiyyatı və hasilatı layihələri üzrə əməkdaşlıq imkanı yaradıb. Sözügedən razılaşma, həmçinin neft-kimya sənayesi, enerji daşıyıcılarının nəqli və paylanması, ilkin emal benzini və mayeləşdirilmiş təbii qaz (LNG) da daxil olmaqla neft məhsullarının marketinqi sahələrini əhatə edir.
Sənəddə Azərbaycan tərəfdən əsas oyunçu SOCAR-dır. Razılaşmaya əsasən SOCAR Əlcəzairdəki «Sonatrach Raffineria İtaliana» neft emalı zavoduna «Azeri Light» və digər xam neft növlərinin uzunmüddətli tədarükü ilə məşğul olacaq.
Maraqlıdır ki, tərəflər arasında hələ 2022-ci ilin noyabrında imzalanan razılaşmanı Əlcəzair tərəfi yalnız indi təsdiqləyib. Xatırladaq ki, Azərbaycan Prezidenti İlham Əliyev bu razılaşmanı demək olar ki, dərhal - 2023-cü il fevralın 1-də imzalamışdı.
Memorandum ilkin olaraq beş il müddətinə qüvvədə olacaq və tərəflərin etirazı olmasa hər dəfə beş illiyə uzadılacaq.
Müqavilənin gec təsdiqlənməsi qətiyyən problem deyil, məsələ bundadır ki, bu sənəd SOCAR-a dünyanın ən byöük neft-qaz yataqları ilə zəngin olan ölkəsində işləməyə imkan verəcək.
Belə ki, Əlcəzair – neft-qaz ehtiyatlarının həcminə görə Afrikada və dünyada ön sıralardıdır, eyni zamanda Afrika qitəsinin ən nəhəng və strateji neft-qaz istehsalçılarından biridir. Ölkə xüsusilə Avropanın – ən böyük qaz bazarının - enerji təhlükəsizliyində, xüsusən də təbii qaz təchizatında mühüm rol oynayır.
Belə ki, son məlumatlara görə, Əlcəzairin sübut olunmuş təbii qaz ehtiyatları təxminən 4,5 trilyon kubmetr təşkil edir. Bu göstərici ilə ölkə dünyada ilk 10-luqda, Afrikada isə Nigeriyadan sonra 2-ci yerdədir. Bundan başqa, Əlcəzairin sübut olunmuş xam neft ehtiyatları təxminən 12,2 milyard barrelə çatır, bu dünyada 16-cı, Afrikada isə Liviya və Nigeriyadan sonra 3-cü göstəricidir.
FED.az biznes və maliyyə xəbərləri portalı xəbər verir ki, Əlcəzairin neft-qaz hasilatının böyük hissəsi ölkənin cənub-şərqində, Sahara səhrası bölgəsində cəmləşib. Ən nəhəng yataqları «Hassi R’Mel» - təkcə Əlcəzairin deyil, dünyanın ən böyük qaz yataqlarından biridir. Əlcəzairin ümumi qaz hasilatının və ehtiyatlarının yarıdan çoxu məhz bu yatağın payına düşür. Bu yataqdan Avropaya boru kəmərləri ilə qaz ixrac edilir. Bundan başqa, Əlcəzairin «Hassi Messaoud» (neft), «Berkine Hövzəsi» (neft və qaz), «In Salah və In Amenas» (qaz) yataqları var.
Ölkənin neft-qaz istehsalı da böyükdür. Belə ki, Əlcəzair gündəlik təxminən 900 min – 1 milyon barel arası xam neft hasil edir. Bu ildə təqribən 45-50 milyon ton (və ya təxminən 330-360 milyon barrel) xam neft deməkdir.
Müqayisə üçün – Azərbaycanın ən böyük neft layihəsi olan «Əsrin müqaviləsi» çərçivəsində gündə 325 min barel neft hasil edilir. Ümumilikdə 2025-ci ildə Azərbaycanda 27,7 milyon ton neft, 51,5 milyard kubmetr təbii qaz hasil olunub.
Qaz hasilatı ildə 100-105 milyard kubmetr səviyyəsinə çatır. Bunun təxminən 50-55 milyard kubmetri ölkə daxilində istehlak olunur, qalan hissəsi isə boru kəmərləri (Transmed, Medgaz) və LNG (sıxılmış qaz) tankeri vasitəsilə əsasən İtaliya, İspaniya və Fransaya ixrac edilir.
Yeri gəlmişkən, Əlcəzairdə bütün neft və qaz sahələri qanunla dövlətə məxsus olan "Sonatrach" şirkətinin nəzarəti altındadır. Xarici şirkətlər ölkədə yalnız "Sonatrach" ilə şərikli müqavilələr əsasında fəaliyyət göstərə bilərlər.













