Rusiya SOCAR-ın Odessa vilayətindəki neft bazasına zərbə endirib, yaralılar var.
FED.az xəbər verir ki, bu barədə “RBC” Ukraynaya hüquq-mühafizə orqanlarından məlumat verilib.
Bildirilib ki, avqustun 8-nə keçən gecə Rusiya “Shahed” pilotsuz uçuş aparatları ilə SOCAR-ın Odessa vilayətində yerləşən neft bazasına hücum edib.
PUA zərbələri nəticəsində yanğın baş verib və dizel yanacağı nəql edilən boru kəməri zədələnib.
Mənbənin məlumatına görə, yanğın tez bir zamanda lokallaşdırılıb. Zərbə nəticəsində dörd əməkdaş ağır yaralanıb və onlara təcili tibbi yardım göstərilib.
Rusiya mətbuatı isə Rusiya ordusunun Ukraynada Azərbaycanla əlaqəsi olan başqa bir obyektə hücumu barədə məlumat yayıblar.
Məlumata görə, Rusiyanın «Geran» PUA-ları Ukraynanın İzmayılov rayonundakı «Orlovka» qaz kompressor stansiyasına zərbə endirib. Teleqram kanallarının yaydığı məlumata görə, Rumıniya sərhədinin yaxınlığında yerləşən bu stansiya vasitəsilə Ukrayna Rumıniya, Bolqarıstan və Türkiyədən qaz alır.
Rusiya tərəfi iddia edir ki, son vaxtlar Azərbaycan bu marşrutla Ukraynaya qaz nəql etməyə başlayıb və bu zaman Rusiyaya məxsus olan enerji infrastrkturundan istifadə edilib.
Hazırda dəymiş ziyanın həcmi müəyyənləşdirilir. Təcili bərpa işləri aparılır.