Rusiyanın "Qazprom" şirkəti 2020-ci ilin sentyabr ayı ərzində Türkiyəyə ilin əvvəlindən maksimum həcmdə – 1,9 mlrd. kubmetr qaz nəql edərək, Almaniyadan sonra ən vacib saydığı Türkiyə bazarında üstünlüyünü tədricən geri qaytarıb.
Eləcə də bax: Rusiyadan Türkiyəyə qaz tədarükü - 25% Azalıb
FED.az xəbər verir ki, "Qazprom" şirkətinin hesabatına görə, bu göstərici 2019-cu ilin eyni ayı ilə müqayisədə 2 dəfəyə yaxın artıb. İlin əvvəlində "Qazprom" Türkiyənin qaz bazarında mövqeyini itirmişdi, buna səbəb isə Azərbaycan qazının Türkiyəyə nəqli göstərilirdi.
Qeyd edək ki, 2020-ci ilin yanvar-may ayları ərzində Türkiyənin əsas qaz ixracatçısı Azərbaycan olub. Bundan əlavə, həmin dövrdə Qətər, Əlcəzair və ABŞ-dan da ölkəyə mayeləşdirilmiş qazın tədarükü artmışdı.
Rusiyanın "Vedomosti" qəzetinin məlumatıma görə, Rusiyadan Türkiyəyə qaz tədarükünün azalmasının əsas səbəbi qiymətin nisbətən yüksək olmasıdır: "2020-ci ilin ilk yarısında Rusiya qazının qiyməti Türkiyənin xarici mayeləşdirilmiş qaz bazarından spot şərtləri ilə aldığı qiymətlərdən üç dəfə yüksək idi". (Apa)