“Fitch Ratings” beynəlxalq reytinq agentliyi 2025-ci il üçün neft qiyməti ilə bağlı baza proqnozunu bir barel üçün 70 dollardan 65 dollara endirib.
FED.az xəbər verir ki, bu barədə reytinq agentliyi bildirir.
Lakin qeyd edib ki, orta müddətli və dövri qiymət proqnozlarını dəyişməyib.
“Fitch” həmçinin, 2025-ci ildə qlobal neft tələbinin gündəlik təxminən 1 milyon bareldən 800 min barelə enəcəyini proqnozlaşdırıb.
Qeyd edilib ki, hasilatın sürətlə artması səbəbindən 2025-ci ildə bazarın təklifi tələbi üstələyəcək.
“OPEC+ iyul ayı üçün hasilatı 411 min barel artıracağını açıqlayıb – bu, ardıcıl üçüncü aydır ki, artırıma gedilir. Bu dəyişiklik qiymətlərə təzyiq göstərir və OPEC+ın əvvəlki qiymət dəstək strategiyasından uzaqlaşdığını göstərir. Təşkilat bu qərarı əsasən öhdəliklərə əməl etməyən üzvləri cəzalandırmaq məqsədilə versə də, bazar payını qorumaq istəyi də önəmli rol oynayır. May ayında OPEC+ ehtiyat hasilat gücü 5.7 milyon barel səviyyəsində olub”- agentlik qeyd edib.
“Fitch” vurğulayıb ki, ABŞ, Braziliya, Kanada, Qayana və Argentina 2025-ci ildə birlikdə gündəlik 1 milyon barel əlavə hasilatla bazara töhfə verəcəklər. Dallas Federal Rezerv Bankının 2025-ci ilin martında dərc etdiyi sorğuya əsasən, ABŞ-da şist neftinin rentabelli hasilatı üçün orta qiymət barelə görə 61 ABŞ dollarıdır, bu da daha ucuz neft şəraitində hasilat tempinin zəifləyə biləcəyini göstərir. Buna baxmayaraq, əvvəlcədən yatırılmış sərmayələr səbəbilə OPEC+ xarici hasilatın artımı əhəmiyyətli olaraq qalacaq.
“Geosiyasi faktorlar isə neft qiymətləri üçün hələ də əsas təsiredici rol oynayır. Rusiyaya, İrana və ya Venesuelaya qarşı əlavə sanksiyalar neft qiymətlərini artıra bilər. Eyni zamanda, İsrail və İran arasında qarşıdurmanın kəskinləşməsi də qiymət artımına səbəb ola bilər”- Fitch əlavə edib. (Apa)