Prezident İlham Əliyev Azərbaycanın energetika sektorunda islahatların sürətləndirilməsi haqqında sərəncam imzalayıb. FED.az xəbər verir ki, sərəncamda deyilir:
1. Azərbaycan Respublikasının Energetika Nazirliyi qabaqcıl beynəlxalq təcrübəni nəzərə almaqla:
1.1. energetika sektorunun inkişafının əsas prioritetləri və hədəfləri müəyyən edilməklə “Azərbaycan Respublikasının energetika sektorunun uzunmüddətli inkişaf Strategiyası”nın layihəsini on iki ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.2. elektroenergetika sektorunda rəqabətə əsaslanan liberal bazar modelinə mərhələli keçidlə bağlı təkliflərini üç ay müddətində hazırlayıb Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.3. ölkənin elektroenergetika sisteminin səmərəliliyinin artırılması məqsədi ilə bu sahəyə özəl investisiyaların cəlb edilməsi barədə təkliflərini Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi və Azərbaycan Respublikasının Əmlak Məsələləri Dövlət Komitəsi ilə razılaşdırmaqla altı ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.4. bərpa olunan enerji mənbələrindən istifadənin təşviq edilməsi, bu sahədə əlverişli investisiya mühitinin yaradılması və özəl sahibkarlıq fəaliyyətinin dəstəklənməsi tədbirlərinə dair təkliflərini hazırlayıb dörd ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.5. ölkədə qaz və istilik təchizatı sistemlərinin səmərəliliyini artırmaq, istehlakçıların tələbatının etibarlı şəkildə ödənilməsini təmin etmək üçün bu sahələrdə islahatların aparılması ilə bağlı təkliflərini altı ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
1.6. bu Sərəncamdan irəli gələn tapşırıqların icrasını təmin etmək məqsədi ilə tanınmış beynəlxalq məsləhətçi şirkətlərin cəlb olunması üçün maliyyə təminatı məsələlərinin həllinə dair təkliflərini Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin.
2. Azərbaycan Respublikasının Nazirlər Kabineti:
2.1. Azərbaycan Respublikası Energetika Nazirliyinin təklifləri əsasında:
2.1.1. “Elektrik enerjisi istehsalında bərpa olunan enerji mənbələrindən istifadə haqqında”, “Energetika və kommunal xidmətlər sahələrində tənzimləyici haqqında” Azərbaycan Respublikası qanunlarının layihələrini, habelə “Energetika haqqında” və “Qaz təchizatı haqqında” Azərbaycan Respublikası qanunlarının yeni layihələrini hazırlayıb on iki ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etsin;
2.1.2. bu Sərəncamdan irəli gələn tapşırıqların icrasını təmin etmək məqsədi ilə tanınmış beynəlxalq məsləhətçi şirkətlərin cəlb olunması üçün maliyyə təminatı məsələlərini həll etsin;
2.2. bu Sərəncamdan irəli gələn məsələləri həll etsin.
İlham Əliyev
Azərbaycan Respublikasının Prezidenti
Bakı şəhəri, 29 may 2019-cu il.